Simiclikdən necə qurtulmaq olar?

15 May 2018 22:20

Simic insan o kəsdir ki, insanlara hər cür ehsan etməkdən çəkinər - istər həmin şey maddi olsun, istərsə də əməli yardım olsun.

Simiclik cəhənnəmdə bitən xəbislik ağacının sifətlərindən biridir. Həzrət Peyğəmbər (s) buyurur: "Simiclikdən çəkinin. Çünki simiclik cəhənnəmdə olan ağacdır. Budaqları isə dünyadadır. Hər kim onun budaqlarından birinə asılar, atəşə daxil olar".

Bəs simicliyin qarşısını necə almaq olar?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quranın bizə təklif etdiyi yollarla tanış olaq.

1. Borc vermək. Borc vermək - bu rəzil sifətlə mübarizə aparmağın yollarından biridir. Ona görə də Allah Təala Quranda borc verənləri və infaq edənləri mədh etmiş və mallarının daha da artacağı vədəni vermişdir.

2. İnfaq etmək. Gərək simic insan bilsin ki, infaqın xeyiri həmişə onun özünə geri qayıdacaqdır. Sadəcə geci və tezi vardır. "(Allah yolunda) nə mal xərcləyirsinizsə, öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın).(Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir". ("Bəqərə" 272).

3. Sədəqə. Simic insan bilməlidir ki, sədəqə bəlanı və ölümü insandan uzaqlaşdırdığı kimi, Allahın qəzəbini də yatızdıra bilən əməllərdəndir. Necə ki, İmam Səccad (ə) buyurur: "İnfaq etmək və sədəqə vermək - Allahın qəzəbini söndürər".

4. Bilmək ki, Simiclik öz ardınca yoxsulluq gətirər. Simic insan dərk etməlidir ki, bu həyata ancaq mal toplamaq üçün gəlməmişdir. Bir insan kimi onun başqa vəzifələri də vardır. İmam Əli (ə) buyurur: "Təəccüb edirəm o simicə ki, yoxsulluğa tərəf tələsər, (halbuki) ondan qaçar. Səy göstərdiyi sərmayəsini əldən verər. Dünyada yoxsullar kimi yaşayar. Ancaq axirətdə zənginlər kimi mühakimə olunar".

5. Qiyamət əzabını yada salmaq. Simic insan ölüm anında nə qədər səhv etdiyi anlayar və həsrət çəkənlərdən olar. "Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): "Ey Rəbbim, niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salehlərdən olaydım?!" - deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!". ("Munafiqun" 10 ).

Milli.Az