Aşıq Azərin tabutuyla selfi çəkdirənlər, damlayan Rəqsanə, hamam xalatındakı Tünzalə - HƏFTƏBECƏR

14 May 2018 09:15

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (171-ci say) təqdim edir.

Əzrayıl bu həftə də sənət aləmindən "payını" apardı-aşıq Azər Xanlaroğlunu. Özü də 35 yaşında. Habil Əliyev deyirdi ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, ölmək istəyirsən. Elə bu günlərdə həmin söz tam yerinə düşür. Sağlığında bir dəfə Azərin qapısından içəri girib halını soruşmayanlar vida mərasimində sanki tabutla selfi çəkdirmək üçün növbəyə düzülmüşdülər.

Mədəniyyətimizdə hər həftə bir sənətkarın azaldığı vaxtda Damlayla Rəqsanə qırışıb qurtara bilmirlər. Məsələ burasındadır ki, Damlaya Rusiya toylarında tələbat azalıb, o da bunu Rəqsanənin qadağa qoydurmasıyla əlaqələndirir. Rəqsanə də deyir ki, təqsir məndə yox, məclis sahiblərindədir. Əslində, düz deyir. Normal zövqü olan adamın məclisində ya Rəqsanə, ya Damla nə gəzir ki? Ancaq Kamran Həsənli demiş, lap təzə oxuyanların yanında Rəqsanə əməlli-başlı xanəndədir.

Xatun da sosial şəbəkədəki izləyicisindən polisə şikayət edib. Bu məsələdə isə təqsir Xatunda yox, həmin izləyicidədir. Adam Xatunu niyə izləsin ki?

Gözünüz aydın olsun, "Maşın" realiti qırğın şou başlayır. İnşallah, yaxın günlərdə olan-olmaz bircə qırıq abır-həyatına da bağlayarlar maşının təkərlərinə, tamam olar.

Əməkdar artist Tünzalə Ağayeva da necə deyərlər, işi böyüdüb. O gün hamam xalatında foto paylaşıb, xalq da feyziyab olub.

Yadımdan çıxmamış bunu mütləq qeyd edim. Uzun-uzun düşünəndən sonra bizim əksər sənətçilərin konsertdən gəlir əldə edə bilməməsinin bir və bəlkə də başlıca səbəbini başa düşdüm. O gün konsertdə Türkiyənin ortabab müğənnilərindən biri səhnəyə çıxdı. Təxminən yarım saat ərzində bir dəqiqə dayanmadı, tamaşaçıyla ünsiyyətə girdi, hətta rəsmi şəxsləri yaxşı mənada çərçivədən çıxarmağı bacardı. Ardınca Sərdar Ortaç oxudu. O da eyni tempdə auditoriyayla rəqs etdi, dedi, güldü, əyləndi. Deyə bilərsinizmi, tamaşaçıyla belə təmas qura bilən neçə sənətçimiz var? Neçə sənətçimiz konsertində səhnədən düşüb tamaşaçının qarşısına gəlir, onlarla rəqs edir, ünsiyyət qurur? Yəqin ki, maksimum 3-4 nəfər.

Bir vaxtlar "Eurovision" bizə o qədər əlçatmaz görünürdü ki, müsabiqənin adı gələndə bilmirdik yeməlidir, içməlidir, yoxsa geyməli. 2011-ci ildə qalib olduq, marağımız da getdi öz marağının ardınca. Doğrusu, müsabiqəyə maraq təkcə bizdə deyil, elə Avropanın özündə də istənilən səviyyədə deyil. Məsələn, inanıram ki, ötən həftə baş tutan "Eurovision" müsabiqəsindən çoxlarınız xəbərsizsiniz. Nə yalan deyim, mən də indi saytlardan oxuyub öyrəndim. Fikrimcə, gələn ildən bu müsabiqəyə kimisə göndərməmək də olar. Həmin müsabiqəyə bir ətək pul töküb mahnı yazdırmaq, klip çəkdirmək, digər xərcləri çəkməkdənsə, bölgələrdə ehtiyacı olan ailələrə yardım etmək olar. Şəxsən mən onlarla belə ailə tanıyıram.

Milli.Az