BMT yanında daimi nümayəndələr Heydər Əliyev Fondunda olublar
25 Avqust 2011 13:31
Azərbaycanda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri avqustun 25-də Heydər Əliyev Fondunu ziyarət ediblər. AzərTAc-ın məlumatına görə, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib.
Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin ali rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər.
Bildirilmişdir ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
Milli.Az