Azərbaycanlı rejissor, rəssam və jurnalist Röyal Paşayev Amerikanın "Google" transmilli ictimai korporasiyasının art-direktoru təyin edilib.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Paşayevin dostları onu "Facebook" səhifəsində bu münasibətlə təbrik ediblər.
Bundan sonra "Google"un bütün yeni layihələrində azərbaycanlı rəssamın da ideyalarından istifadə ediləcək.
Qeyd edək ki, Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. O, uzun illər valideynləri ilə birlikdə Ukraynada yaşayıb. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birlikdə Bakıya qayıdıb və burada jurnalistika ilə məşğul olub. "Odlar yurdu" universitetinin məzunudur. 2007-ci ildə H.O.S.T. musiqi qrupunu yaradıb. Qrupun konsertlərinin, poster və simvollarının da dizaynını özü verib. Qrup 2012-ci ildə dağılıb. Paşayev "MadHouse Community" musiqili leyblın meneceri olub. 2015-ci ildə onun "Magdalena" adlı incəsənət layihəsi təqdim edilib. O, bu layihədə dünyanın məşhur aktrisa və müğənnilərini fərqli hicablarda təsvir edib.
Paşayev artıq xeyli müddətdir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayır və işləyir.
Xatırladaq ki, bir neçə il əvvəl "Google"un baş direktoru Larri Peyc rəhbərlik etdiyi şirkətin illər ötdükcə daha az innovasiya təqdim edən şirkətə çevrilməsindən narahatlığını ifadə etmişdi. O bildirmişdi ki, kadr yerdəyişmələri ona yeni layihələrə köklənməyə kömək edəcək.
Milli.Az