Yemişi necə tanımalı?

25 Avqust 2011 12:38
Yemiş - tərkibində şəkər, bir sıra vitaminlər, karotin, mineral maddələr olan bostan bitkisidir. Onların təsərrüfat-botaniki sortları biri digərindən meyvəsinin ölçüsünə, kütləsinə, qabığının rənginə, bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dadına, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti yemiş yeyərkən diqqətli olmağı məsləhət bilir. Nazirlikdən Anspress-ə verilən məlumata görə, yemiş insan orqanizmi üçün çox faydalı olsa da, ondan düzgün istifadə olunmadıqda, yaxud keyfiyyətsiz yemişi yedikdə zərər ola bilər.

Yemişin qabığı açıq yaşıl, narıncı, qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl, narıncı və çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına görə lifli, yumşaq, xırda dənəli, xırçıldayan və sıx ətli olur. Yemiş şirin dada və xoş ətrə malik bitkidir. Yetişmə müddətinə görə tezyetişən (80 günə), ortayetişən (80-110 günə) və gecyetişən (110 gündən çox) qruplarına bölünür.

Ölçüsünə görə iri, orta və xırda olur. Üzəri hamar, tor şəbəkəli və qabırğalı formada olur. Tezyetişən növlər 20 günə, ortayetişənlər 1-2 aya qədər saxlanılmağa davamlı, gecyetişənlər isə 3 aydan çox saxlanılırlar. Bunların saxlanma müddəti yetişmə dövrlərindən asılıdır. Yemiş qarpıza nisbətən istisevən olur və saxlanılarkən yetişə bilir.

Yemiş həzmi asanlaşdırır, qanı təmizləyir və artırır, böyrəklərdəki qum və daşların tökülməsinə təsir göstərir. Eyni zamanda o, dərinin təravətli qalmasına, orqanizmin xərçəng xəstəliyindən qorunmasına kömək edir. Lakin ac qarına yemiş yemək də məsləhət görülmür.

Ticarət şəbəkəsindən bu bostan bitkisini alarkən bir sıra məsələlərə diqqət yetirin. Standarta müvafiq qovunlar təzə, təmiz və sağlam olmalıdır. Rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En kəsiyinin diametri ən çox 15 sm-dən, tezyetişən və silindrik formalılarda isə 10 sm-dən az olmamalıdır. Satışa buraxılan yemişlərin içərisində azacıq əzik və batıq, həmçinin ölçüdən uzaqlaşan yemişlərin miqdarı 5%-dən çox olmamalıdır.

Alıcıların əksəriyyəti hamar yemişlərin şirin olduğunu güman edirlər. Əslində isə üstü torvari, qəhvəyi şaxələri olan yemişlər daha şirin olur. Bilin ki, istehlakçı olaraq hər kəsin yemiş alarkən satıcıdan onun gigiyenik sertifikatını tələb etmək hüququ var. Bu məhsulu alarkən onun saxlanma şəraitinə, səthinin vəziyyətinə diqqət edin. Büzüşmüş, əzilmiş, zədələnmiş yemişləri almayın.

Milli.Az