"Təkcə sənətkarı yox, dostumu da itirdim" - Rasim Balayev - FOTO

5 May 2018 13:37

Xəbər verdiyimiz kimi, mərhum xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

Xalq artisti Rasim Balayev F.Poladovla bağlı jurnalistlərə açıqlama verib. Danışmaqda çətinlik çəkdiyini deyən aktyor bunun onun üçün ağır itki olduğunu vurğulayıb:

"İndi mənim üçün danışmaq çətindir. Təkcə böyük sənətkarı yox, dostumu da itirdim. Fuad Poladov Azərbaycan teatrının, kinosunun sütunlarından biri idi. Bu gün o sütun uçdu. O, zəhmətkeş bir aktyor idi. Onun yaradıcılığına fikir versəniz, görəcəksiniz ki, həm Azərbaycan, həm də rus teatrında ağlasığmaz zəhmətləri var.

Fuad Poladov şəxsiyyət kimi böyük adam idi. Çox təəssüf ki, sənət aləmində uğura nail olanlar olsa da, şəxsiyyət ola bilənlər çox azdır. Fuad şəxsiyyət idi. Öz işi ilə bəzi ağzıgöyçəklərin cavabını verirdi. Çox pərişanam və onun haqqında heç keçmiş zamanda danışmağa gücüm yoxdur. Gələcək nəsillər və bu sənətlə məşğul olan adamlar Fuad Poladov məktəbindən hələ çox şey öyrənəcək. Allah rəhmət eləsin, ruhu şad olsun".

Qeyd edək ki, F.Poladov xərçəngdən əziyyət çəkirdi.

Milli.Az