Bunlar gerçəkləşsə, sosial mənzillər daha da ucuzlaşa bilər

4 May 2018 12:15

"Növbəti bazar ertəsi saat 10:00-da sosial evlərin satışı başlayır. Mövcud qaydalara əsasən, ilk müraciət edənlər mənzilə sahib ola biləcəklər. Bazar ertəsi satışa ilk 260 mənzil çıxarılır. Ən çox müzakirə edilən məsələlərdən biri də mənzillərin qiyməti ilə bağlıdır. Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq".

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, mənzillərin qiyməti həmin ərazidə yerləşən anoloji mənzil ilə müqayisədə aşağı olsa belə, İqtisadi və Sosial İnkişaf Mərkəzi hökumətə sosial mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərini təqdim edib: "Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün. Xərcin kompensasiya edilməsi nəticə etibarilə qiymətin aşağı düşməsinə gəririb çıxaracaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır".

İqtisadçının fikrincə, təkliflər gerçəkləşsə, mənzillərin qiyməti, o cümlədən aylıq ödənişlərin miqdarı xeyli aşağı düşəcək: "Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər. Neftin mövcud yüksək qiymətləri fonunda ölkə gəlirlərinin artdığını nəzərə alsaq, bu subsidiya üçün maliyyə mənbəsinin tapılması da çətin deyil".

İlkin İzzət
Milli.Az