Avropanın ən varlı qadını nə istəyir?
24 Avqust 2011 13:43
Milli.Az xəbər portalı "The Wall Street Journal"a istinadən bildirir ki, Avropanın ən zəngin qadını, "L'Oreal" kosmetika korporasiyasının varisi Lilian Betankur Fransa hökumətini varlılara qarşı yeni vergi tətbiq etməyə çağırıb.
Betankurun təklifini ölkənin ən varlı ailələrindən 15-nin nümayəndələri, o cümlədən "Total" neft-qaz korporasiyasının rəhbəri Kristof de Marjeri və "Publicis" reklam agentliyinin prezidenti Moris Levi, habelə Deni Henneqin ("Accor"), Mars Ledre de Laşer ("Fimalac"), Frederik Odea ("Société Générale"), Klod Podre ("Le Nouvel Observateur"), Jan Peyreleve ("Leonardo & Co") və s. dəstəkləyiblər.
Yeni vergi sayəsində Fransanın 2012-ci ildə prezident seçkilərini büdcəyə əlavə xərclər olmadan və adi vətəndaşların vergi yükünü çoxaltmadan keçirə biləcəyi vurğulanır. Bundan başqa, varlılara tətbiq olunacaq yeni vergi dövlət xərclərini də azalda bilər.
Gələn ilin sonunadək Fransa dövlət xərclərini 13 milyard avro ixtisar etmək niyyətindədir.
Lilian Betankurun 20 milyard dollarlıq varidatı var.
Ötən ildə ona qarşı cinayət işi qaldırılmışdı. Betankur vergilərdən yayınmaqda və prezident seçkilərində Nikolya Sarkozini qanunsuz maliyyələşdirməkdə suçlanmışdı.
Milli.Az