Builki Formula 1 Azərbaycan Qran Prisində iştirak edən tamaşaçıların sayı açıqlandı

1 May 2018 15:38

Bakıda 3-cü dəfə baş tutan Formula 1 yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31% artıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, paytaxt Bakıda sayca 3-cü dəfə keçirilən Formula 1 yarışında və həmçinin, axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib.

Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb. Bu il satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.

Formula 1 Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

Yarışa qızğın mübarizəylə başlayan "Force India" komandasının pilotu Esteban Okon ilə "Williams" komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, "McLaren" komandasının pilotu Fernando Alonsonun iki təkərlə mübarizəsi və "Red Bull" komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında gedən gərgin mübarizə, nəhayət, qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması, hamının "Mercedes" Valtteri Bottasın qələbə qazanacağını gözlədiyi halda onun komanda yolsa britaniyalı Luis hamiltonun gözlənilmədən qalib gəlməsi Formula 1 azarkeşlərinə həyəcanlı anlar yaşadıb.

İlkin İzzət
Milli.Az