Xarici ölkələrin BMT yanında daimi nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında olublar

24 Avqust 2011 00:22
Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri avqustun 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar.

AzərTAc xəbər verir ki, görüşdə ADA-nın rektoru Hafiz Paşayev akademiyanın fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, beş il bundan əvvəl yaradılmasına baxmayaraq, ADA dünyada nüfuz qazanmışdır.

Rektor ötən ay ilk dəfə olaraq Afrika və Asiyadan - Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziya və digər ölkələrdən gəlmiş 14 diplomatın ADA-nın "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə ongünlük kursda iştirak etdiklərini qonaqların diqqətinə çatdırmışdır.

Qonaqlara ADA-nın strukturu, həyata keçirdiyi proqramlar, yaxın illərdə reallaşdıracağı planlar barədə geniş məlumat verilmişdir.

Xarici ölkələrin BMT yanında daimi nümayəndələri ADA-da yaradılmış şəraiti yüksək qiymətləndirmiş, təhsil ocağının qısa vaxtda əldə etdiyi uğurlardan məmnunluqlarını bildirmişlər.

Milli.Az