Mən ehtimal etməzdim ki, hər şey məhz belə alınacaq. Valtteri çox yaxşı görünürdü və qəlbəyə layiq idi. Sebastyan da çox sürətli idi, mənim, sadəcə, bəxtim gətirdi ki, finişə birinci çatdım.
Milli.Az xəbər verir ki, bunu 2018 Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi, "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton yarışdan dərhal sonra hisslərini bölüşərkən bildirib. O deyib ki, yarışdan sonra özünü qəribə hiss edir: "Mən özümü qəribə hiss edirəm, amma bu nəticəni qəbul edirəm. Bu gün mən bircə saniyə də olsa, təslim olmadım, daim hücum elədim, amma yarışı heç də ideal formada keçirmədim".
Qeyd edək ki, Bakıdakı qələbə Hamiltonun karyreasındakı 63-cü qalibiyyət idi. O, rəqiblərinin çoxsaylı səhvlərindən yararlanaraq yarışın ən son dövrələrində önə çıxaraq Qran prinin qalibi ola bildi.
Xatırladaq ki, 2018-ci ildə keçirilmiş 4 Qran Pridən sonra pilotların mübarizəsində "Mersedes"dən Luis Hamilton (70 xal) liderdir. "Ferrari"nin pilotu Sebastiyan Fettel (66 xal) ikinci, "Ferrari"nin digər pilotu Kimi Raykkonen (48) isə üçüncü yerdədirlər.
Komanda hesabında isə "Ferrari" 114 xalla birinci, "Mercedes" 110 xalla ikinci, "Red Bul" isə 55 xalla üçüncüdür.
İlkin İzzət
Milli.Az