"Mən Bakını və burdakı insanları çox sevdim" - FOTO

29 Aprel 2018 14:54

Mən ilk dəfədir ki, Azərbaycanda və Bakıdayam. Bakı Şəhər Halqası möhtəşəmdir. Burada hər şey çox gözəldir. Buna qədər Dubay, Sinqapur və İtaliyada keçirilmiş Qran Prilərdə iştirak etmişəm. Amma bu, şəhər halqaları arasında ən yaxşısı, əlasıdır. Ətrafda gəzmək üçün də geniş ərazi var, bu da bizim üçün rahatdır. Məsələn, Sinqapurda da şəhər halqası var, amma tamaşaçılar üçün gəzməyə yer çox azdır.

Bunu Milli.Az-a açıqlamasında Bakıya Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Böyük Britaniyadan gəlmiş qoca turist Stiv Slik deyib.

Britaniyalı təqaüdçü Bakını çox sevməsindən və insanların yaxşı olmasından böyük həvəslə və ağızdolusu danışırdı: "Gəzməyə vaxtımız çox azdır, çünki bura Qran Priyə görə gəlmişəm. Bununla belə şəhəri bir az gəzdim, İçərişəhərdə oldum. Çox xoşuma gəldi. Amma imkan daxilində daha çox gəzmək istəyərdim. Burada camaat çox dostyana, qonaqpərvər, istiqanlıdır və hamı kömək etməyə çalışır. Bu, çox gözəldir. Mən Bakını və burdakı insanları çox sevdim".

Yeri gəlmişkən, qoca turist qeyd edib ki, o, Formula 1 yarışlarında komandalardan "Ferrari"yə, pilotlardan Sebastyan Fettelə azarkeşlik edir, amma sürücülərdən asılı olmayaraq, uzun illərdir ki, sevimli komandası məhz "Ferrari"dir.

İlkin İzzət
Milli.Az