"Azəri Top Model"də gözlənilməz an: müsabiqəni heç kim tərk etmədi! - FOTOSESSİYA
23 Avqust 2011 14:35
Dünən 11 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 11 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.
Nəzərinizə çatdıraq ki, yaz-yay kolleksiya geyimlərini "Debenhams" mağazası təqdim edib.
Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.
Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, model Züleyxa Akçurina, geyim üzrə stilist Aynur Əliyeva və "Grace" gözəllik salonun nümayəndəsi Gulya xanım münsiflər heyətini təmsil edirdilər.
Verilişdə müğənnilər Samir Piriyev, Məryəm Şabanova və Samira öz repertuarlarında yer alan mahnıları ifa etdilər.
Onu da qeyd edək ki, hər üç ifaçı müsabiqə iştirakçıları ilə rəqs edərək, xoş dəqiqələr yaşadırdılar.
Bundan başqa, verilişdə Firdovsi Atakişiyevin DJ Çina və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, model-müğənni Züleyxa Akçurinanın səhnədə Fəxriyyə Xələfovanın kolleksiyasından geyindiyi paltarıyla defile etməsi, reklam fasiləsində DJ Çinanın model xanımlarla qeyri-adi şəkillər çəkdirməsi, bir neçə gün əvvəl geyim üzrə stilist Aynur Əliyevanın və iştirakçı Olqa Arsentyevanın doğum günlərinin yad edilməsi və "Kaş ki, səni sevməyəydim!" radio serialının monoloqlarını iştirakçı model xanımların oxuması maraq doğuran məqamlardan idi.
Verilişdə həftəboyu iştirakçıların rəqs öyrənmələri də açıqlandı. Peşəkar rəqqas Eminin tədris etdiyi dünya ölkələrinin rəqslərini model xanımlar öyrənirlər.
Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Anfisa Bessonovanın hazırladığı fotossesiyası təqdim olundu. Fotosessiyalar iştirakçıların "Debenhams" mağazasından geyindikləri paltarla "Yves Roche" ətirlərinin təqdimatı əsasında hazırlanmışdı.
Münsiflər heyətinə təqdim olunan fotosessiyaların nəticəsində Olqa Arsentyeva qalib seçildi.
Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Rüstəmova Elvira, ikincisi Əlizadə Ləman və üçüncüsü Ramazanova Nərminə oldu. Budəfəki verilişdə də müsabiqəni heç bir iştirakçı tərk etmədi. Səbəb Cəfərova Maya və Allahverdiyeva Səbinənin eyni səs faizi toplaması oldu. Münsiflərin qərarı ilə onlar müsabiqəni davam etdirəcəklər.
Onu da qeyd edək ki, Cəfərova Maya Türkiyədə səfərdə olduğundan verilişə qatıla bilməmişdi.
Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətiri hədiyyə olunurdu.
Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22:30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsiylə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda aparılacaq, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri təqdim olunacaq.
Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.
"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:
Rüstəmova Elvira
Əlizadə Ləman
Ramazanova Nərminə
Eyyubova Diana
Rizayeva Oksana
Əliyeva Çinarə
Klimova Yuliya
Arsentyeva Olqa
Şevçenko Aleksandra
Cəfərova Maya
Allahverdiyeva Səbinə
Fuad Mədətov
Milli.Az










































































