"Ali İmran" surəsi, ayə 7
"Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər."
Milli.Az islam.az-a istinadən bildirir ki, bu ayədən meydana gələn bir neçə sualla İslam.az ilahiyyatçı Hacı Samir Ağayevə müraciət olunub.
Sual 1:
Ayədə buyurulur ki, "Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan başqa heç kəs bilməz". Söhbət mütəşabih ayələrdən gedir. Əgər bu ayələrin yozumunu Allahdan savayı heç kim bilmirsə, o zaman Quran təfsirçiləri bu ayələri necə təfsir edirlər, bəşər övladı o ayələri necə anlasın? Ümumiyyətlə, belə ayələrin (əgər onları anlamaq mümkünsüzdürsə) nazil edilməsinin hikməti nədir?
Cavab:
Burda təfsirçilər və tərcüməçilər arasında ixtilaf mövcuddur. Əksər alimlər, o cümlədən də Məkarim Şirazi "Nümunə" təfsirində, Allahla elmdə möhkəm olanları bir birindən ayırmırlar. Yəni ayənin bu hissəsi "onların yozumunu ancaq Allah və elmdə möhkəm olanlar bilir" kimi tərcümə olunur. Göründüyü kimi, "Allah"la "elmdə qüvvətli olanlar" arasında yalnız "və" bağlayıcısı var. Yəni bu ayələrin ancaq Allah və elmdə qüvvətli olanlar bilir ki, onlar da öz elmlərini ancaq Allahdan alırlar.
Hədislərdə Peyğəmbər (s) və onun Əhli-beyti "elmdə qüvvətli olanlar" kimi qeyd edilir. Məşhur Səqəleyn hədisində də Peyğəmbər (s) bu həqiqətə toxunur: "Aranızda 2 ağır əmanət qoyub gedirəm: biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir".
Sual 2:
Bəs ayənin digər tərcüməsinə üstünlük verən alimlərin rəyi necədir? Yəni ayənin qeyd etdiyimiz hissəsi "Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan başqa heç kəs bilməz" kimi tərcümə olunarsa...
Cavab:
Hətta tərcümənin bu variantında da heç bir problem yoxdur. Təbii ki, elmin mənbəyi Allahdır. Rəbbimiz kiməsə elm payı verməsə, heç kim elmdən xəbərdar ola bilməz. Əgər bu ayədə buyurulursa ki, o ayələrin yozumunu ancaq Allah bilir, elmdə qüvvətli olanlar isə belə deyirlər, o zaman bəlli olur ki, Allah kiməsə elm verib və onlar da elmdə qüvvətli olan insanlardır. Onlar da, təbii ki, o ayənin yozumunu biləcəklər. Yəni bu elmin, ayələrin mənbəyi birbaşa Allahdır, bu ayələrin yozumunu bilən, elmdə qüvvətli olanlar da öz elmlərini Allahdan alıblar. Bu elmi Allahdan alandan sonra da onlar iqrar edirlər ki, "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır". Ayəyə bu cür də yanaşmaq olar. Amma ərəb dilində birinci varianta daha çox üstünlük verilir.
Sual 3:
Ayədə buyurulur: "Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar". Sıravi və dini savadı olmayan müsəlman möhkəm ayələri mütəşabih ayələrdən, haqq yolunda olan təfsirçini isə "fitnə-fəsad salmaq" istəyənlərdən necə ayırd etməlidir? Burda meyar nədir?
Cavab:
Möhkəm o ayədir ki, onun mənası tam aydın və aşkardır. Yəni bu halda artıq hansısa yozuma imkan qalmır. Məsələn, "Qul huvallahu əhəd" ("De: Allah birdir"). Mütəşabih ayədə isə bir neçə məna ehtimal olunur. "Mütəşabih" bir-birinə oxşar deməkdir. Belə ayələrin əsl mahiyyətini anlamaq üçün isə möhkəm ayələrə müraciət olunmalıdır. Buna görə də hansısa məsələ barəsində fikir formalaşdırmaq üçün Quranı kompleks şəkildə oxuyub nəticə əldə etmək lazımdır. Bir mövzuda bir qrup ayəni nəzərə alıb digərlərinə göz yumulsa, o zaman düzgün nəticə almaq mümkünsüzdür.
İnsan bir qədər araşdırma aparsa, təfsirlərə və digər mütəxəssislərə müraciət etsə, o zaman kimin fitnəkar, kiminsə haqq olduğunu anlaya bilər. Əgər kimsə bir ayədən yapışıb mövzuya uyğun digərlərini görməzdən gəlirsə və öz məqsədinə çatmaq, haqq olduğunu isbatlamaq üçün ancaq həmin bir ayəyə istinad edirsə, sıravi müsəlman onun kim olduğunu başa düşməlidir. Yəni insan araşdırmalıdır, tədqiqat aparmalıdır, soruşmalıdır ki, kimin fitnəkar, kimin isə düz danışan olduğunu ayırd eləsin.
Sual 4:
Allah mütəşabih ayələri nə üçün nazil edib? Elə Qurandakı ayələrin hamısının möhkəm olması mümkün deyildimi?
Cavab:
Bu sualın cavabında təfsirlərdə müxtəlif versiyalar irəli sürülüb. Onlardan biri də belədir. Biz maddi dünya həyatında yaşayırıq. Amma maddiyyatdan yuxarı olan, qeyb aləminə məxsus bəzi həqiqətlər var ki, biz onları bilməliyik. Bilməməyimiz rəva deyil. Bəs o həqiqətləri Allah bizə hansı yolla başa salmalıdır? Əlbəttə ki, istifadə etdiyimiz söz və nitq vasitəsi ilə. Nəticədə bu nitq və sözlər həmin mənəvi dünyanın həqiqətlərini bizə tam mənada çatdıra bilmir. Odur ki, bəzi ayələrdə mütəşabihlik əmələ gəlmişdir. Allah bizə qeyb aləminə məxsus həqiqətləri bizim öz səviyyəmizdə çatdırır ki, nə isə anlayaq. Əks halda biz heç nə başa düşmərik.
Milli.Az