Qorxaq və bivec cəllad devrildi - İNDİ NƏ OLACAQ?

24 Aprel 2018 12:42

Ermənistanda Serj Sarqsyan dövrü başa çatdı. Bu yoxsul, insan haqlarının və demokratik prinsiplərin ayaqlar altına atıldığı, işğalçı siyasət yürüdən ölkəni 10 ildən bəri Serj Sarqsyanın dəstəsi idarə edirdi. Daha doğrusu, ölkə bütünlüklə əslən Dağlıq Qarabağdan olan erməni klanın, oliqarxların nəzarətində idi. Ermənistan Futbol Federasiyasından tutmuş, orta və iri biznesədək - hər yer və hər şey Sarqsyanın, onun ailəsinin, qohumlarının və bu adamlara köpək sədaqəti göstərənlərin əlindəydi.

Tamamilə saxtalaşdırılmış, kütləvi fırıldaqlarla və dövlətin bütün inzibati resursunun işə salınması ilə müşayiət olunan "seçkilər" nəticəsində Serj Sarkisyan dalbadal iki dəfə prezident "seçildi", 10 il ölkəni idarə etdi. Daha sonra isə o, Konstitusiyaya əlavələr və düzəlişlər etdirdi, bunu "konstitusion islahatlar" kimi qələmə verdi. Ermənistan parlament üsul-idarəli respublikaya çevrildi, parlament isə iqtidardakı Ermənistan Respublika Partiyasının kontrolunda qaldı.

Beləcə, Serj Sarqsyan maksimal dərəcədə uzun müddətdə baş nazir postunda oturmaq şansı qazandı.

İndiyədək hər şeyə dözən, haqlarının tapdanması, hakimiyyətin onları heyvan yerinə qoyması ilə az qala barışan, müti və əzik təsir bağışlayan, Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərinə övladlarının ətdən divar qismində göndərilməsinə susmaq məcburiyyətində qalan ermənilər artıq dözmədilər.

Onların səbr kasası daşdı.

Həkimlər, tələbələr, təqaüdçülər, sonda da hərbçilər küçələr çıxdılar, İrəvanın mərkəzi meydanına axışdılar, "Rədd ol, Sarqsyan!" hayqırdılar.

Etirazlar 10 gün davam etdi. 10 gün Sarqsyanın polisi, xüsusi təyinatlıları, hərbçiləri nümayişçilərin önlərini kəsdilər, parlamentin və nazirliklərin binalarının qarşılarına tikanlı məftillərdən sədlər çəkdilər, dinc insanları vurdular, yıxdılar, döydülər. Maşınları əzdilər, kameraları sındırdılar.

Məqsəd insanları təxribata çəkmək, kiminsə polisi vurmasına şərait yaratmaq, aksiya iştirakçılarını xuliqanlığa təhrik etməkdi.

Alınmadı. Ermənilər "Qalxmış əllər" etirazını davam etdirdilər, tələyə düşmədilər.

Sonucda aksiyaların nominal lideri, parlamentdəki "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyanla daha iki deputatı saxladılar.

Bu, etirazları daha da gücləndirdi.

Ermənistandakı aksiyaların bir maraqlı məqamı da var: etiraz nümayişlərində və yürüşlərdə həlak olan yoxdur.

Yəni ermənilər kənardan idarə olunsa da, alınmış aksiyada hakimiyyəti qorxuda bildilər.

Ermənistanda yaşananların arxasında Rusiyanın durduğu şübhəsizdir. Son illərdə xaricdəki erməni icmaları və xüsusilə də erməni diasporunun nüfuzlu təşkilatları ilə münasibətləri korlayan Serj Sarqsyan idarə etdiyi ölkəni quberniyaya, Cənubi Qafqazdakı forpostuna çevirmiş Rusiyaya hədsiz bel bağlayırdı.

Ermənistanın sərhədlərinin mühafizəsi və ümumiyyətlə, təhlükəsizliyinin təminatına Rusiya cavabdeh olduğunu bəyan edir: MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə İrəvana "ölkəyə hücum olarsa, biz sizi qoruyacağıq" təminatı verən Rusiya erməniləri ayırdığı "güzəştli kreditlər"in hesabına hədiyyə etdiyi silah və hərbi texnika ilə ələ almışdı.

Gümrüdəki 102-ci baza isə Rusiyanın Ermənistanda hərbi obyekti statusundan çoxdan çıxaraq İrəvandakı iqtidarın mövcudluq şərtinə dönüb.

Bütün bunlara görə özünü həddən artıq rahat hiss edən Sarqsyan arxayınlaşmışdı və son iki ildə Qərblə intensiv kuluar təmaslara başlamışdı.

Avropa Şurası ilə danışıqlar, Avropa Birliyi ilə çərçivə sazişinin imzalanması, Avropa və ABŞ-ın Ermənistanda maraqlarının təminatına vədlər - Rusiya baş verənləri narahatlıqla izləyirdi.

Sonra Sarqsyan daha da cürətləndi və Avropa ilə mümkün qədər sıx əlaqələrdə maraqlı olduğunu dedi.

Rusiya qəzəbləndi, çünki kölənin belə üzüdönük davranması, yemləndiyi əli dişləməyə çalışması Moskvanı hiddətləndirdi.

S.Sarqsyanın devrilməsinin 3 səbəbindən ilki budur.

İkinci səbəb, daha doğrusu, səbəbkar Azərbaycandır.

Bəli, biz demokratik, normal, inkişaf edən Ermənistanda maraqlıyıq, erməniləri azad və sivil ölkədə yaşayan insanlar kimi görmək istəyirik.

Müstəqil siyasət yürüdəcək, iqtisadiyyatı güclənəcək Ermənistan regionda sürəkli gərginlik mənbəyi, terrorçu dövlət siyasəti səviyyəsinə qaldırmış dövlət statusu ilə vidalaşaraq normallaşmağa çalışa bilən məkana çevrilə bilər nə zamansa.

Azad və hüquqları qorunan insanlar isə yaşadıqları ölkənin işğalçı siyasətini mütləq dayandıracaqlar.

Ermənistan demokratik ölkə olsaydı, erməni analar heç bir vəchlə övladlarının Dağlıq Qarabağda və erməni işğalında olan digər Azərbaycan ərazilərində kontingent döyüşçüləri qismində qulluq etmələrinə, ölmələrinə və həlak olmalarına imkan verməyəcəkdilər.

Normal Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsi, işğalçılıq siyasəti ballas olacaqdı: sivil ölkə büdcəsinin əksər qisminin orduya xərclənməsinə yol verməz, verə bilməz.

Sivil Ermənistan mütləq qoşunlarını işğal etdiyi ərazilərdən çıxaracaqdı.

Və ən nəhayət, demokratik üsul-idarəli ölkə olsaydı, Ermənistandakı cəmiyyət Azərbaycanın səbrinin tükəndiyini, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibənin hər an başlaya biləcəyini, Ermənistanın da mütləq şəkildə uduzacağını dərk edəcəkdi.

Aprel döyüşləri sivil Ermənistan üçün xəbərdarlıq olmalıydı.

Olmadı, çünki Ermənistanı Sarqsyan idarə edirdi.

Normal Ermənistan mütləq indiki siyasi, iqtisadi və nəqliyyat blokadasından çıxmağa çalışacaqdı. Bunun yolu isə Azərbayacanla praqmat əlaqələrin qurulmasından, işğala son qoyulmasından keçir.

Ermənistan indi düşünməlidir. Sarqsyan devrilib, ölkə bataqlıqdan, səfalətdən, yoxsulluqdan və sarsaq xarici siyasətdən, işğal doktrinasından imtina etmək şansı qazanıb.

Hərbi xuntanın devrildiyi, terrorçulardan və kriminal oliqopoliyadan ibarət dəstənin hakimiyyətdən kənarlaşdırılmağa başladığı Ermənistan seçim qarşısındadır.

İrəvandakı aksiyalara gəldikdə isə, Sarqsyanı Rusiya devirsə də, nəticələr Qərbin qələbəsi, Ermənistanın Avropaya yönlənməyə başlamasına təkan verəcək olaylardır.

Ermənistanda daxili siyasi situasiya son illərdə sürətlə gərginləşirdi. Ölkə qiyama, üsyana, çevrilişə, üsyana hamilə idi.

2008-ci ilin martın 1-də Serj Sarqsyanın prezident "seçilməsi"ndən sonra İrəvanda nümayişçilərin gülləbaran edilməsi cəmiyyətdə lal nifrət yaratmışdı.

O nifrət 2013-cü ildə Ermənistanın Avropa Birliyi ilə assosiativ anlaşma imzalamasından boyun qaçırması ilə Qərbin qəzəbinə dönmüşdü.

Üçüncü səbəb isə Serj Sarqsynanın hakimiyyət hərisliyi oldu. "Konstitusion islahatlar" adlandırılan məzhəkədən sonra ölkəni parlament üsul-idarəli ölkəyə döndərən Serj Sarqsyan hakimiyyətini möhkəmləndirəcəyini düşünürdü. Amma bu sistem daha demokratik idarəetməni ehtiva etdiyindən Sarqsyan tələyə düşdü.

Baş nazir "seçiləndən" sonra Serj Sarqsyanı Rusiyanın dərhal təbrik etməsi ilə eyni gündə Qərbin ona xəbərdarlıq etməsi də Qarabağda minlərlə günahsız azərbaycanlının qanına bais olmuş bu terrorçunu və cəlladı ayıltmadı.

Serj Sarqsyan qorxdu, həmişə olduğu kimi, "Qarabağ kartı"ndan yararlanmağa çalışdı, erməniləri "siz küçələrə çıxıb nümayişlər keçirirsiniz, amma Azərbaycan hücuma hazırlaşır" deyərək şantaj etməyə çalışdı.

Alınmadı, təxribat baş tutmadı və bu, İrəvandakı aksiyaları daha da gücləndirdi.

Azərbaycan ordusunun Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərəkətlərə keçməməsi S.Sarqsyanın tabutuna vurulan son mismar oldu.

Sarqsyan devrildi, belədir.

Amma Ermənistanın xarici siyasət kursunun yaxın vaxtlarda dəyişəcəyini, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda ermənilərin adekvat, məntiqi mövqe tutacaqlarını düşünmək sadəlövhlükdür.

Bu ölkə həmişə Rusiyanın təsir dairəsində olub və qalacaq.

Ermənistanda daxili və xarici siyasətdə kiçik, kosmetik dəyişikliklərdən savayı nə isə gözləməyə dəyməz.

Elçin Alıoğlu
Milli.Az