Ülviyyə Könül: "18 yaşımda qucağımda uşaqla tək qalanda..."
2 Aprel 2010 09:40
- Son illər klip bazarında boşluq müşahidə olunur. Həm klipmeykerlər, həm də müğənnilərin klipə həvəsi azalıb. Siz də artıq az klip çəkən rejissorların siyahısındasınız.
- Boşluq kliplərə tələbatın olmaması zərurətindən yaranıb. Müğənnilər klip çəkdirmək istəmirlər. Bir rejissor olaraq, onları başa düşməyə çalışıram. Çünki kliplərin yayımına o qədər yüksək məbləğ tələb olunur ki, bu da sənətçi ordusunun pulunun məsrəfi deməkdir. Yəni, bu onlara sərf eləmir. Artıq klip çəkdirmək üçün bizə müraciət edən müğənnilər xahiş edirlər ki, "nolar, qiymət bir az aşağı olsun, çünki nümayişinə pulumuz çox çıxacaq". Təsəvvür edin ki, klipin nümayişi onun çəkilişindən daha çox pul aparır. Artıq müğənnilər reytinqi klip çəkdirməkdən çox, baxımlı verilişlərə, şoulara çıxmaqla qazanırlar. Vaxt var idi, klip bazarında böyük bir rəqabət yaranmışdı. Bu sahəyə maraq var idi. Fikirləşirdin ki, filankəs filan qaydada klip çəkdi, gərək, mən ondan da yaxşı çəkim. Axtarışlar, yeniliklər var idi. İndi rəqabət ölüb. Fikir verirəm ki, ayda bir-iki klip çəkilər, ya çəkilməz.
- Müğənninin reklamının əsas hissəsini klip təşkil edir. Bazarın axsaması ilə onlar bunu verilişlərdən qazana biləcəklər?
- Düzdür, sənətçinin reklamının əsasını klip və mahnı təşkil edir. Belə qeyd edim ki, klip müğənninin və mahnının reklam çarxıdır. Bir çox mahılar var ki, kliplərdə daha çox qavranılır.
- Klip bazarının axsaması sizin qazancınıza nə dərəcədə təsir göstərib?
- Çox şükürlər olsun ki, yaradıcılığımın lap ilk illərindən təkcə klip rejissoru kimi tanınmadım. Bəzi reklam çarxları, konsert və tədbirlərin çəkilişləri mənə həvalə edilib. Hazırda isə "Miss Azərbaycan"ın çəkilişləri mənim üzərimdədir və bu işdə bədii rəhbər adını daşıyıram. Əgər mən sırf kliplərin ümidinə qalsaydı, indi işsiz-gücsüz bir kənarda oturmuşdum.
- Ola bilər ki, bir qrup rejissorun klip bazarından çəkilməsi barədə fikriləri müğənnilərin klip həvəsini azaldıb?
- Yox, həmin rejissorlar klip bazarı öləndən çox-çox sonra gedəcəklərini bəyan ediblər. İnanın ki, iş olan yerdə heç kim bazardan uzaqlaşmaz. Tələbat, sifariş öldü, çəkildilər və bunu hərə bir cür təqdim etdi. Həm də infilyasiya da burada öz təsirini göstərdi. Bununla yanaşı kanallar klipin nümayişi üçün qonararı elə həddə çatdırdılar ki, müğənni kənara çəkilmək məcburiyyətində qaldı. Müğənni yazıq neyləsin, onun kifayət qədər qazancı olmalıdır ki, klip nümayişinə də pul ödəyə bilsin. Eyni zamanda klipdən əvvəl mahnının ərsəyə gəlməsi müəyyən məbləğ tələb edir. Klipə gəlincə, burada tək çalışan rejissor deyil ki? Burada vizajist, stilst və s. o qədər xərclər var ki, müğənni papağını qarşısına qoyur fikirləşir. Bunların iki qatını da klipin göstərilməsinə xərcləməlidir. Bu düşüncələr onları klip bazarından uzaqlaşdırdı.
- Rejissorlar isə film çəkməyə iddia göstərdilər. Uzun illər adları klipmeyker kimi hallandırılan rejissorlar artıq özlərini film rejissoru kimi təsdiqləmək istəyirlər.
- Biz bu sənətə klip çəkmək arzusu ilə gəlməmişdik. Düzdür, heç vaxt demərəm ki, klip çəkməyi sevmirəm. Sevirəm, çünki bu mənim işimdir, çörək ağacımdır. Mən klipləri çəkə-çəkə yüksəldim. Bu mənim səviyyəmdir. Amma sənətə başqa ideya ilə gəlmişdim, film çəkmək istəyirdim. Mən film çəkmək istəyəndə hələ klip bazarı formalaşmamışdı. Tələbat yarandı və meydanda olduğumdan klip çəkmək mənim üzərimə də düşdü. O vaxt Oqtay Mirqasımov, rəhmətlik Rasim Ocaqov klip çəkməyəcəkdilər ki? Bu iş o vaxt biz gənclərin üzərinə düşdü.
- Uzun bir müddətdir ki, sizə dövlət sifarişi ilə film çəkmək həvalə edilib, aqibəti nə yerdədir?
- Artıq "Vəkil hanı?" adlı flimin tamamlama işlərini görürəm. Komediya janrında olan ekran işinin çəkilişləri və montaj işləri başa çatıb. Səsləndirmə mərhələsi də başa çatandan sonra onu təhvil verəcəm. Artıq 40-a yaxın yaşım var və istəyirəm ki, mən də böyük işlər görüm. Çoxlu kliplər çəkməyimə baxmayaraq, özümə klipmeyker demirəm, mən rejissoram. Vaxtilə bir məhdudiyyət dalğası var idi ki, klipmeykerlər yalnız klip çəkməli idilər. İstəsək də, bizə böyük ekran işləri həvalə edilmirdi. Əsində, bizi saymırdılar. Fikirləşirdilər ki, hələ cavandılar və kino onlar üçün tezdir. Ölkə başçısının kinoya açdığı yeni imkanlar artıq bizim də özümüzü böyük kinolarda təsdiqləməyimizə imkan yaratdı. Artıq Samir Kərimoğlunun yeni ekran işinin təqdimat mərasimi keçiriləcək. Belə baxanda, klipdə o məndən az iş görüb. Onun klipdə adını nadir hallarda eşidə bilərdiniz. Amma bu gün o film təqdimatına hazırlaşır. Eşitdiyimə görə, həmin film "Berlin" festivalına aparılacaq. Bu sevindirici bir nəticədir. Məndən sonra Elxan Cəfərov dövlət sifarişi ilə film çəkməyə başlayıb. Artıq bizə də tələbat var. Amma nəzərə alsaq ki, dövlət ildə 3-4 filmə maliyyə vəsaiti ayırır, onda mənim payıma 3-4 ildən bir film çəkmək şansı düşür. Mən tək film çəkməklə də yaşayıb, dolana bilmərəm. Dövlət filmini mən pul almadan da çəkə bilərəm. Çunki bu mənim inkişafım və arzumdur. Həmdəki dövlət filmində biz dövlət maaşına otururuq və bu, o qədər də böyük məbləğ deyil. Film sənətdir. Lakin çəkdiyim klip və reklam yüksək sənət deyil.
- Elə bir film çəkməyi düşünürsünüz ki, məsələn, "Kann" festivalına rahat yol tapa bilsin?
- Əslində, bir az əvvəl adını çəkdiyim komik film festival proqramı üçün deyil. Yerli bazar üçün çəkilib. Bizim yumorumuzu Avropada heç kim başa düşməyəcək. İstərdim ki, psixoloji dram janrında film çəkim və mötəbər festivallara çıxara bilək. Amma bu o demək deyil ki, filmlərimiz böyük festivallara yol tapa bilmir. "40-cı qapı" filminin sorağı bir çox festivallardan gəldi. Ümid edək ki, Samir Kərimoğlunun "Niyyət" filmi də "Berlin" festivalından böyük uğurla qayıdacaq. Mən də böyük festivallara iddialıyam. Xəyallarımda özümü "Kann" festivalının pilləkənlərində görürəm. Buna zaman lazımdır. Haçan ki, elə bir filmə imza atsam, onda biləcəm ki, bunu Biləcəridən o tərəfə çıxarmaq mümkün olacaq. Bunu hiss etməsəm, heç vaxt onu Avropa səhnəsində görməyi arzulamaram. Məsələn, mənim çəkdiyim "Vəkil hanı?" filmi sırf istirahət etmək istəyən insanlar üçün nəzərdə tutulub. Zamanla böyük kinoya alışmaq lazımdır. Bu pilləni aşa bildim və qarşıda məni bundan böyük pillələr gözləyir. İxtisasca psixoloq olduğumdan, arzum bu janrda film çəkməkdir. Bu günlərdə Oqtay Mirqasımovun son filmlərindən olan "Günaydın mələyim"i televiziyada izlədim. Orada bir çox aktyorların oyununa diqqət yetirdim. Baş qəhrəmanı çıxmaq şərtilə (Ayan Mirqasımova), heç vaxt inanmazdım ki, bəzi aktyorlar bu qədər gözəl oynaya bilərlər. Aktyorun necə oynaması rejissordan asılıdır. Deməli, bundan əvvəlki rollarında bu qədər oynamırdılar. Onların imkanını üzə çıxara bilmirdilər. Artıq bu, filmimizin inkişafının bir qoludur.
- Üç il əvvəl yerli portalların birində sizin müsahibənizi oxumuşdum və sevdiyiniz insan barəsində bunları danışmışdınız: "Doqquz ay əvvəl taleyim mənə gözəl bir insan bağışladı ki, mən onu sevə bildim. Şou-biznesə tamam yad adamdır. Seçdiyim insan Azərbaycanda mənim üçün tamamilə təkdir. Bizim bir çox oxşar cəhətlərimiz var" və s. Münasibətləri indi də qoruya bilmsiniz?
- O qədər haqqımda doğru olmayan xəbərlər eşidirəm ki. Sizə deyim ki, 18 ildir ailəm dağılıb və bu müddətdə ikinci dəfə ailə həyatı qurmaq barədə düşünməmişəm. Mənim bütün həyatım qızım Könüllə bağlıdır. Hazırda qızım Amerikada təhsil alır. 11-ci sinifi bitirir. Ondan sonra Universitetə qəbul olması üçün sənədlərini verəcək. Bütün fikrim onunla bağlıdır. Səhər durandan ta axşama kimi nə edəcəyi barədə düşünürəm. Deyə bilmərəm ki, mən sevilən qadın deyiləm. Sadəcə buna nə vaxtım, nə imkanım, nə də marağım var. Mən evə gecə 11-12 radələrində gələndə yorğunluqdan yatağa yolumu güclə tapıram. Başqa şeylər barədə düşünməyə vaxtım qalmır. Fikirləşirəm ki, yatım durum və yeni gün başlasın. Bundan da şikayət etmirəm, Tanrıya şükür, o, bir tərəfdən alanda, bir tərəfdən verir. Nə yalan danışım, şəxsi həyatımda mənimki gətirmədi. Amma karyerada uddum. 23 yaşımda karyera qurdum və iki ildən sonra artıq məni tanıyırdılar. Bu o deməkdir ki, Tanrım bu tərəfdən mənə ümid verib. Bunu əlimdən almasın, başqa heç nə istəmirəm. 40 yaşından sonra şəxsi həyat maraqlı olmur. Qadın yaşlaşdıqca, özündə böyük komplekslər yaradır. Qızımın 18 yaşı var. Bu yaşda mən artıq ailə həyatı qurmuşdum. Bu rəqəmlə hesablasaq, bir ilin içərisində mən qaynana da ola bilərəm, nənə də. Qızımın ayağı sayalı oldu. 18 yaşında qucağımda bir uşaqla tək qalanda Tanrım mənə böyük imkanlar açdı. Bu günə qədər də bu davam edir. Bu səbəbdən özümü xoşbəxt hesab edirəm...
Xədicə
Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
