Buktreyler festivalının münsiflər heyətinin tərkibi açıqlanıb - FOTO

17 Aprel 2018 21:31

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Üçüncü Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, münsiflər heyətinin tərkibinə Çingiz Abdullayev (Azərbaycan detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru. Yazıçılar Birliyinin üzvü, PEN-klubun sədri), Oqtay Mirqasımov (kinorejissor, ssenarist, xalq artisti), Yusif Şeyxov (ssenarist, Əməkdar Mədəniyyət İşçisi, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri), Mehriban Zəki (teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı), Murad Dadaşov (əməkdar artist, tanınmış teleaparıcı, kreativ teleprodüser, aktyor) daxildir.

Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Aprelin 8-də III Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatıb. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Qeyd edək ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları və tərəfdaşlarımızdan hədiyyələr gözləyir.

İştirak şərtləri ilə festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az