Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı

17 Aprel 2018 17:04

Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

8 aprel, saat 00:00-da III Buktreyler Festivalına buktreylerlərin qəbulu başa çatdı. Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Bu gün isə Münsiflər Heyətinin tərkibi açıqlandı:

Çingiz Abdullayev (Azərbaycan detektiv yazıçısı, nasir, publisist. Hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü, PEN-klubun sədri), Oqtay Mirqasımov (kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti), Yusif Şeyxov (ssenarist, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri), Mehriban Zəki (teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı), Murad Dadaşov (Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı, kreativ  teleprodüser, aktyor).

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları və tərəfdaşlarımızdan hədiyyələr gözləyir.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar. 

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az