Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüş keçirib.
Fonddan Milli.Az-a verilən məlumata görə, görüş zamanı G.Əfəndiyeva türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən görülən işlərdən və həyata keçirilən layihələrindən bəhs edib, Fondun gələcək planları barədə məlumat verib. G.Əfəndiyeva həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün binanın verildiyini və hal-hazırda orada əsaslı təmir-bərpa işlərinin aparıldığını bildirib.
M.Çavuşoğlu isə öz növbəsində Fond tərəfindən türk dünyasının birliyi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, Türkiyə hökümətinin Fonda dəstək olduğunu deyib və türkdilli xalqlara xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək qiymətləndirib.
O, həmçinin Azərbaycana Bakı Qlobal Forumu və Qoşulmama Hərəkatının Nazirlər Konfransı çərçivəsində Bakı şəhərinə son iki səfərini xatırlayaraq Azərbaycanın beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl görüş platformasına çevrildiyini vurğulayıb.
Tərəflər tezliklə keçirilməsi gözlənilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə toplantısında ortaq tarix, dil və mədəniyyətə söykənən türkdilli xalqlar arasındakı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələlər, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin imzalanması haqqında müzakirələr aparıblar.
Sonda görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri ətrafında danışıqlar aparılıb.
Zərif Nisə
Milli.Az