Qubalı gəncin əl işləri görənlərin diqqətini çəkir - VİDEO - FOTO

16 Aprel 2018 21:29

Qubalı gənc Natiq Ağaverdiyev Azərbaycandakı bir sıra tarixi abidələrin maketlərini hazırlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, on ilə yaxındır bu işlə məşğul olan Natiqin hazırladığı maketlərin sayı yüzə çatıb. O, tarixi abidələrin maketlərini hazırlayarkən bütün memarlıq üslubunu və xarici görünüşdəki xırda detalları belə nəzərə alır. Onun hazırladığı maketlər orijinalından yalnız ölçülərinə görə fərqlənir.

Natiq Ağaverdiyevin əl işləri arasında Qubadakı "Cümə" məscidinin, "Günbəzli hamam"ın, eləcə də Qız qalası və Troya atının oxşarları daha diqqətçəkəndir.

"Günbəzli hamam"ın maketi yeni bərpa olunan tarixi abidənin içərisində qonaqlara sərgilənir. Təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən olan Cümə məscidinin maketi isə 8 aya ərsəyə gəlib. Əl işinin özəlliyi ondan ibarətdir ki, zəngin memarlıq üslubuna malik məscidin maketinin bütün detalları 220 ilə yaxın yaşı olan tarixi abidə ilə eynidir. Hətta maket olmasına baxmayaq, xüsusi quraşdırılan avadanlıq bu məsciddə gün ərzində 5 dəfə azan səslənməsini təmin edir. Natiq adi tikinti materiallarından istifadə etdiyi bu maketin hazırlanmasına 600 manata yaxın xərc çəkib.

"Uşaq yaşlarımdan bu işə böyük həvəsim var. Mənə bu cür maketləri hazırlamağı kimsə öyrətməyib. Özüm öyrənmişəm. İlk olaraq balaca ev maketlərindən başlamışam. Sonra tarixi abidələrin maketlərini hazırlamağa başladım. Əl işlərimin hazırlanmasında əsas material kimi taxta, daş və gildən istifadə edirəm", - deyə Natiq Ağaverdiyev bildirib.

Natiqin hazırladığı əl işləri beynəlxalq sərgilərdə də nümayiş etdirilib. Bu işlər Türkiyədə, Gürcüstanda keçirilən müsabiqələrdə xüsusi diploma layiq görülüb.

Hazırda Quba rayon Yaradıcılıq Mərkəzinin müəllimi olan gəncin 10-dan çox tələbəsi var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qubalı sənətkar tarixi abidələrin maketlərini hazırlayır