Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın "Thompson Reuters" indeksli jurnalında dərc olunub

16 Aprel 2018 15:56

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi" adlı məqaləsi ABŞ-da nəşr olunan "Thompson Reuters" indeksli "Confrontation" jurnalında dərc olunub.

Milli.Az bildirir ki, V.Rəhimzadə 1968-ci ildən işıq üzü görən və Nobel mükafatçılarının da məqalələrinin dərc edildiyi jurnalın 121-ci sayında Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edib.

Məqalədə qeyd olunur ki, KİV cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir. Bu gün mətbuat cəmiyyətdə sabitləşdirici rola malikdir və sosial dəyişikliklərin təkanverici qüvvəsini kimi çıxış etməyə qadirdir. Bu da öz növbəsində, dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir.

Müəllif yazır ki, informasiya sahəsindəki siyasət daha az öyrənilmiş və daha çox mürəkkəb olan siyasi fəaliyyət növüdür. Vurğulanır ki, ən yeni informasiya və telekommunikasiya texnologiyalarının inkişafı özü ilə təkcə texnoloji innovasiyalar, elm tutumlu istehsala keçid və s. gətirmir, həmçinin insan məskəninin bütün informasiya mühitini, ictimai həyatın bütün sosio-mədəni məzmununu kökündən dəyişir, informasiya sahəsini cəmiyyətdə üstün mövqeyə çıxarır. Yeni informasiya məkanı dünya bazarının az qala ən sürətli və intensiv inkişaf edən sektoruna çevrilən, hər hansı milli sərhədləri və ideoloji maneələri aradan qaldıran, milli-mədəni fərqləri tarazlayan dünya informasiya bazarının yeni reallıqlarını diktə edir.

Məqalədə bu reallıq da öz əksini tapır ki, cəmiyyətin informasiya tələbatının ödənilməsi funksiyasını yerinə yetirən mətbuat zamanın, dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşir, yeni-yeni vəzifələrin icrasına öz töhfəsini verməyə çalışır. Ən ciddi dəyişikliklər hər şeydən öncə informasiyanın təsir imkanlarının qlobal miqyasda güclənməsi ilə əlaqədar olaraq dövlət sərhədlərinə və auditoriyanın milli fərqlərinə məhəl qoymayan televiziyada baş verir. Bu, daha aşkar formada internet sistemində nəzərə çarpır. Bütün planet miqyasında vahid informasiya məkanının bərqərar olması müasir mərhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir.

Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun, yeni texnologiyaların inkişafı fonunda əldə olunan uğurların əks edildiyi məqalədə bildirilir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Bu da bir faktdır ki, müasir dövrdə ümumi iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının yeri və rolu artan xətt üzrə inkişaf etməkdədir. Məhz bu səbəbdən bu gün Azərbaycanda da İKT davamlı inkişaf siyasətinin prioritet istiqamətləri sırasında yer almaqla yanaşı, sosial-iqtisadi sahəyə də böyük sürətlə nüfuz etməkdədir.

Müəllif diqqətə çatdırır ki, XXI əsrdə informasiyanın elmi-texniki inqilabın əsasını təşkil edəcəyini nəzərə alan Azərbaycan dövləti elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirdi. Yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahələr üzrə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdir. Bu istiqamətdə mühüm addımlardan biri məhz ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin kosmik sənayenin inkişafına göstərdiyi dəstəkdir.

Böyük maraq doğuran məqalədə yer alan bu kimi digər faktlar bir daha İKT-nin cəmiyyət həyatında oynadığı rola aydınlıq gətirir, ən əsası, Azərbaycan mətbuatının dünya informasiya məkanına inteqrasiyasına işıq salır.

Milli.Az