Elektriklə işləyən avtomobillər bizdə nə zaman olacaq? - VİDEO - FOTO

16 Aprel 2018 19:57

ARB TV-nin "Günə doğru" verilişinin növbəti buraxılışında elektriklə işləyən avtomobillərlə bağlı maraqlı süjet yayımlanıb.

Elektriklə işləyən avtomobillər gələcəyin avtomobilləridir. Ona görə də yaxın gələcəkdə benzinlə, dizellə, qazla işləyən avtomobillərin yerini elektrik avtomobilləri tutacaq. Bizdən uzaqda və ya yaxında yerləşən bəzi ölkələrdə konkret vaxt da qoyulub ki, bütün avtomobillər elektriklə işləyən olmalıdır. Orada olanlar belədir, bəs bizdə necədir?

Elməddin Muradlı (ekspert): "Bizdə sayı olduqca azdır. O cür avtomobillərin ölkəmizdə geniş yayılmamasına səbəb, onların detallarının və ustalarının az olması ilə əlaqədardır".

Azdır, hətta axtarıb tapmaq da müşkül məsələyə çevrilib. Hələ bu azmış, üstəlik ənənəvi gördüyümüz avtomobillər ekologiyaya da ciddi ziyan vurur. Ona görə də elektriklə işləyən avtomobillər bu məsələdə çox böyük iş görür.

Azər Allahverənov (ekspert): "Həmin tip avtomobillərin istifadə olunması dövlətin ekoloji sahəyə ayırdığı vəsaitə qənaətinə səbəb ola bilər. Məsələnin görünən və görünməyən tərəfləri var".

Görünəndən biri də odur ki, Böyük Britaniyada 2040-cı ildən etibarən benzinlə və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək. Satış olmayacaqsa, deməli, onları alanlar da olmayacaq. İnsanlar elektriklə işləyən avtomobilləri alacaqlar. Fransa da qonşusundan geri qalmaq istəmir, o da belə edəcək. Bu, təkcə Avropada deyil, ondan uzaq məsafədə yerləşən Çin də benzinlə və dizellə işləyən avtomobillərə qadağa qoyacaq. Biz də bunu edə bilərik. Amma iş orasıdır ki, belə avtomoillərin ölkəyə gətirilməsi ilə bağlı problem var.

Elməddin Muradlı (ekspert): "Ölkəyə gətirilən avtomobillərin mühərrikinin gücü yoxlanılıb hesablanır. Ona uyğun gömrük tətbiq olunur. Elektrik mühərrikinin gücü yoxdur. Qanunvericilikdə bir balaca boşluq qalır".

Azər Allahverənov deyir ki, bizdə istehsal olunan avtomobillərdə green-car gündəmə gətirilə bilər.

Azərbaycanın 3 bölgəsində avtomobil zavodları var. Var olan yerdə, əlavə olaraq bu avtomobillərin elektrik mühərrikli versiyaları hazırlana bilər. Olan elektrik avtomobillərin isə enerji yükləmə məntəqələri istənilən səviyyədə deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elektriklə işləyən avtomobillər bizdə nə zaman olacaq?