Nağılbazın yeni videosu, canavara konsert, 40 minə toya gedən sənətçi, Floranı bağda dəfn etmək - HƏFTƏBECƏR

16 Aprel 2018 09:31

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (167-ci say) təqdim edir.

Bu lətifə sovet dövründə daha çox məşhur olub. Ona görə məşhur idi yazıram ki, özüm həmin dövrü tam xatırlamıram. Deməli, canavar, qaban və tülkü meşədə böyük xəndəyə düşürlər. Bir az keçmiş tülkü başa düşür ki, işlər fırıqdı, canavar bunlardan birini yeyəcək, o biriylə də sevişəcək. Elə canavara bu haqda sual verən kimi başa düşür ki, yanılmayıb. Tərslikdən də tülkünün bəxtinə yeyilmək düşməyib. Deyir ki, onsuz da, birimizi yeyəcəksən, birimizi də Mirşahin demiş, sevəcəksən. Qabanın (çöl donuzu) yaxşı səsi var, əvvəlcə oxusun, feyziyab ol, sonra birimizi ye, birimizi də sev. Cavanar tərəddüdlə də olsa razılaşır. Qaban oxumağa başlayanda yaxınlqıdakı ovçu səsi eşidir. Görür ki, xəndəyə üç ov birdən düşüb. Birinci canavarı vurur. Canavar yaralı-yaralı öz-özünə deyinir: "Ay əclaf, yeməyin var, sevgilin var, sənə konsert lazım idi?"

Neçə həftədir sizə lətifə yazmıram. İstədim ki, necə deyərlər, xəcalətinizdən çıxım. Gülməli olmadısa, oldu ikiqat xəcalət.

Yeri gəlmişkən, axır vaxtlar sənətçilər konsert verməyə başlayıblar. Amma nisbətən kiçik zallarda. Yəni, toy auditoriyasını tutacaq qədər salonlarda.

Bu arada Azərbaycanın ən bahalı toy müğənnisinin adı məlum olub. Bu, Nuri Sərinləndiricidir. Adam Bakıda məclisə getmək üçün 13 min dollar (22100 manat - red.) tələb edir. Məclis bir az bahalı yerdə təşkil olunursa, qonorar olur 20 min dollar - 34 min manat. Yox siz rayonda yaşayırsınızsa, arzunuz dünya şöhrətli Nuri Sərinləndiricini övladınızın toyunda görməkdirsə, cəmi-cümlətanı 22-25 min dollarınızdan, başqa sözlə desək 37-42 min manatınızdan keçməlisiniz.
Qulpqoyan dayı deyir ki, axır vaxtlar halım yaxşı deyil, deyəsən, o tərəfə hazırlaşıram, arabir də rəhmətlikləri yuxuda görürəm. Axırıncı dəfə Üzeyir Hacıbəylini görmüşdüm, sərinkeşə (rusca ventilyator-red.) dönmüşdü, elə hey qəbirdə fırlanırdı.

Hərdən mənə elə gəlir ki, bizim camaat pulu qazanmır, sadəcə, yerdən yığır. Siz də elə düşünürsünüzmü? Adam nə qədər böyük zövqə və dərin düşüncəyə malik olmalıdır ki, 30-40 min manat verib, Nurini məclisində oxutsun. Qırx min manat e, a kişi. Başa düşürsüz? Yəni, bir müəllimin, təxminən on, bir həkimin səkkiz illik məvacibi. Şübhəsiz ki, zövqlər müxtəlifdir. Amma qırx minlik zövqsüzlük olmaz da, qardaşım. Nəysə...

Əfsanəvi Flora Kərimova deyib ki, vəfat edəndə onu bağında dəfn etsinlər. Doğrudan da, yaş öz işini görür. Əlli il böyük səhnədə olmuş, şedevr əsərlərə əbədi həyat vermiş sənətkarın verdiyi açıqlamaya baxın. Flora xanımın sənəti o qədər böyükdür ki, bu xəbəri şərh edib bəzi oxucuların qınağına tuş gəlmək istəmirəm. Ancaq açıqlamanın özündə qınanılacaq çox şey var.

Saytlarda belə bir xəbər başlığı gördüm: "Anar Nağılbazın yeni videosu yayıldı". Siz Allah bu başlığı oxuyan adamın ağlına nə gələr? Özü də videodakı digər qəhrəman Maral Tahirqızıdır. Təsəvvür edin ki, xəbəri on minə yaxın insan oxuyub. Əziz həmkarlar, insanların hissləriylə oynamayın, camaatı umsuq etməyin. Yazın ki, Anarla Maral bir araya gəldi. Yoxsa Anarın Marallı videosu yayıldı nə deməkdir? Adamın ağlına bakılılar demiş, gic-gic fikirlər gəlir.

Müğənni Mənzurə Musayeva deyib ki, həyat yoldaşı ölən vəzifə sahibləri onunla evlənmək istəyirlər. Məsəl var ki, qadın öldüsə, kişi yetim qalır. İndi Mənzurə xanıma "Yetimlər anası" titulunun verməyin tam zamanıdır. Hardan alım İlhamə xanımı, buna bir titul verə.

Milli.Az