Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir

17 Aprel 2018 08:46

İlk dəfə idi ki, Nyu-Yorka gəlmişdi. "Göylərə baş çəkən" binalar, saysız-hesabsız insanlar onu əməlli-başlı heyrətləndirmişdi. İzdihamlı bir küçədən keçəndə qulağına haradansa doğma bir səs gəldi. Ayaq saxlayıb, diqqətlə qulaq asdı.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu, bir cırcıramanın səsi idi. Səs böyük bir mağazanın qarşısındakı çayırlıqdan gəlirdi. Yaxınlaşıb diqqətlə baxmağa başladı. Bu vaxt mağazanın satıcılarından biri ona yaxınlaşıb: "Sizə nə kömək edə bilərəm?" - deyə soruşdu. "Çox sağ olun, bir şey lazım deyil. Sadəcə olaraq, mənə elə gəldi ki, buradan cırcırama səsi gəlir", - deyə cavab verdi. Satıcı təəccübləndi və "Nyu-Yorkda cırcırama? Bu ki mümkün deyil", - dedi. Ancaq qonaq fikrində qəti idi. Çox axtarandan sonra cırcıramanı tapdı. Cırcıramanı görən satıcı heyrətini gizlədə bilmədi və "Yəqin ki, sizin qeyri-adi qabiliyyətiniz var. Yoxsa bu səs-küydə bir böcəyin səsini necə eşitmək olar?" - dedi. Qonaq gülümsədi və cibindən xırda bir pul çıxarıb havaya atdı. Pul yerə düşən kimi səsinə onlarla adam ayaq saxladı. Artıq "son sözü" demək vaxtı idi: "Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir".

Milli.Az