ABŞ və müttəfiqləri Suriyaya dair BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib

15 Aprel 2018 11:39

ABŞ, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriyada kimyəvi silah tətbiq olunmasının araşdırılmasına dair yeni qətnamə layihəsi təqdim edib.  

APA-nın "Liberation" nəşrinə istinadən verdiyi məlumata görə, qətnamə layihəsində humanitar yardımın maneəsiz çatdırılması və atəşin dayandırılmasına çağırış edilir, həmçinin Dəməşqin BMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirakı tələb olunur.   

Bundan başqa, sənəddə Suriyadakı kimyəvi hücumların müstəqil təhqiqatı istənilir.

ABŞ və müttəfiqləri, eyni zamanda, Suriyada atəşin dayandırılmasını nəzərdə tutan 2401 saylı qətnamənin yerinə yetirilməsinə çağırır və Dəməşqdən vicdanla və konstruktiv şəkildə, heç bir ön şərt irəli sürmədən sülh danışıqlarında iştirak etməyi tələb edir.     

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-də Suriyada Əsəd hökumətinin kimyəvi silah hazırlanan obyektlərinə hava-raket zərbələri endirib.

Milli.Az