Mədə kiçiltmə əməliyyatına hər xəstə gedə bilməz - Həkim

14 Aprel 2018 22:51

Son zamanlar mədə kiçiltmə əməliyyatı dünya ölkələri ilə yanaşı Azərbaycanda da geniş vüsət alıb. İndi artıq çəkili insanlar dieta və idman etmədən, daha asan yolla - mədələrini kiçiltdirməklə arıqlamaq istəyirlər.

Maraqlıdır, bu əməliyyat hansı hallarda, hansı şəxslərə tətbiq olunur? İstənilən şəxsdə bu əməliyyat həyata keçirilə bilərmi? Artıq çəkidən xilas olmaq üçün bu əməliyyatı tərcih edənləri əməliyyat zamanı, həmçinin gələcəkdə hansı risklər, problemlər, fəsadlar gözləyir?

Bariatrik cərrah Aslan Abdulla bildirib ki, mədə kiçiltmə əməliyyatı piylənmə xəstəliyini müalicə etməyin bir üsuludur: "Piylənmə xəstəlikdir və onu dieta ilə müalicə etmək artıq mümkün olmur. Bəzən isə piylənmə baş verən insanlar dietanı belə sona kimi saxlaya bilmirlər. Əksinə, dietadan sonra çəkiləri daha da artır. Təbii ki, artıq çəki də insanda bir çox xəstəliklərə - şəkərli diabet, yüksək qan təzyiqi, təngnəfəsliyə və s. səbəb olur. Piylənmə bir xəstəlik olduğu üçün müalicə taktikaları var və mədə kiçiltmə əməliyyatı da onlardan biridir".

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, A.Abdullayevin fikrincə, dünya tibbində geniş yayılıbsa, deməli bu əməliyyat insan üçün heç də təhlükəli deyil: "Mədə kiçiltmə əməliyyatını cərrahlar tətbiq edir. Təbii, bütün əməliyyatların riski var. Bu əməliyyatda isə risk appendisit əməliyyatında olan risk qədərdir. Sadəcə peşəkar həkim olarsa, düzgün əməliyyat aparılarsa, heç bir problem olmaz".

"Eyni zamanda xəstədən də çox şey asılıdır. Xəstə daşıdığı bütün xəstəliklər barədə əməliyyatdan öncə həkimə bildirməlidir. Həkimin bilmədiyi hər hansı problem olarsa, bu, sonradan böyük problemlərlə, hətta ölümlə belə nəticələnə bilər. Azərbaycanda olmasa da, Türkiyədə əməliyyat zamanı xəstə ölüb", - deyə cərrah əlavə edib.

Həkim qeyd edib ki, bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır: "Amma bu, belə deyil. Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır".

Cərrah vurğulayıb ki, bariatrik əməliyyat ancaq xüsusi göstəriş olan xəstələrdə həyata keçirilir: "Bəzi insanlar dieta saxlamadan bir neçə kilo çəki atmaq üçün bu əməliyyata üz tuturlar. Ancaq biz hər xəstənin mədəsini kiçiltmirik. Bu gün bizə müraciət edən 10 xəstədən 8-ni geri göndəririk. Çünki həqiqətən də mədəsinin kiçilməsinə ehtiyac olan xəstələri əməliyyat edirik. Çünki belə insanlara başqa yolla kömək etmək mümkün deyil".

Tibbi ekspert Rasif Bağırov da deyib ki, mədə kiçiltmə əməliyyatını yalnız piylənmə zamanı etmək olar: "Mədə artıq o qədər genişlənir ki, xəstə dieta saxlasa da, mədəsi əvvəlki formasını ala bilmir".

"İnsan orqanizminin bir xüsusiyyəti var: mədəyə qida kifayət qədər yığılmayanda beyinə aclıq siqnalı verir. Bu zaman da insan narahat olur. Həmin an insan yenidən qida qəbul etməyə başlayır ki, narahatçılığı aradan qalxsın. Dünya tibbində araşdırma aparıblar, ac insanın mədəsinə hava vurublar. Mədə hava ilə dolandan sonra insan toxluq hiss edib. Deməli, mədə divarına istər maye ilə, istərsə də qida ilə təzyiq yaranan zaman beyinə doyma impulsu gedir", - ekspert əlavə edib.

Ekspert vurğulayıb ki, mədə kiçiltmə əməliyyatına yalnız dieta saxlamaqla arıqlamağı mümkün olmayan xəstələr gedə bilər. Əməliyyatdan sonra isə insan orqanizmində heç bir fəsad yaranmır. Əksinə, xəstə sürətlə arıqlayaraq formaya düşür, sağlam həyat tərzinə qovuşur.

Məsələyə münasibət bildirən diyetoloq Tutu Zeynalova isə deyib ki, insanlar istəsə, dieta saxlayaraq arıqlaya bilərlər: "Bu gün, mən də daxil olmaqla, hər bir diyetoloq nəticəni göstərir. Yəni xəstə əvvəl neçə kilo idi, dietadan sonra neçə kilo oldu. Amma biz həmin çəkini bir neçə ay və ya il sonra da saxlayıb-saxlamadığını göstərmirik".

Diyetoloq əlavə edib ki, 98 faiz hallarda 3-cü dərəcəli piylənmədən əziyyət çəkən insanlar itirdikləri çəkiləri sürətli şəkildə geri alırlar: "Çox az sayda insanlar var ki, onlar dieta zamanı həyata keçirdikləri adətləri yaşam tərzinə çevirirlər və buna görə də çəkilərini qoruya bilirlər".

"Bunları nəzərə alaraq, mədə kiçilmə əməliyyatı həyata keçirilir. İstisna hallarda, piylənmə 3-cü dərəcədədirsə və xəstə bir çox xəstəliklərdən əziyyət çəkirsə, məcburən bariatrik əməliyyatdan istifadə etmək lazımdır", - deyə ekspert bildirib.

Onu da vurğulayıb ki, məsələn, orta boylu 80 kiloluq insanın 60 kilo olması üçün əməliyyat edilməsi doğru deyil. Həkimin bu əməliyyatı etmək ixtiyarı yoxdur, buna görə məsuliyyət daşıyır.

Milli.Az