Ukraynalı gimnast: Azərbaycanlı idmançılar yüksək səviyyədə hazırlaşıb

14 Aprel 2018 18:00

Azərbaycanlı idmançılar yüksək səviyyədə hazırlaşıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxış edən ukraynalı gimnast Anton Davıdenko deyib.

"Mən Bakıda ikinci dəfədir ki, çıxış edirəm və burada həyat tərzi, yarışların təşkil olunması, zal, şərtlər, bir sözlə hər şey xoşuma gəlir. Bakı Avropa çempionatına çox yüksək səviyyədə hazırlaşıb. Azərbaycanda yaxşı idmançılar var, rəqabət qeyri-adi dərəcədə yüksəkdir, gimnastların səviyyəsi də yuxarıdır", - deyə ukraynalı gimnast bildirib.

A.Davıdenko qeyd edib ki, azarkeşlərin dəstəyi uğurlu çıxış etməyə kömək edir.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az