İsveçli gimnastlar: Bakı gözəl təəssüratlar yaradır

14 Aprel 2018 15:32

Bakı yalnız gözəl təəssüratlar yaradır.

Milli.Az bildirir ki, bu sözləri Trend-ə İsveç gimnastları Sofiya Redman və Linnea Larsson deyib.

Gimnast qızlar bildiriblər: "Sinxron hərəkətlərdə çıxışımızdan razıyıq. Əvvəl həyəcanlandıq, sonra həyəcanı yendik və pis çıxış etmədik, nəticələrimizdən razıyıq".

İsveçin idman nümayəndələri həmçinin Bakıda Avropa çempionatı yarışlarının yükək təşkilatçılığını da xüsusi vurğulayıblar: "Təşkilati işlər çox gözəldir. Bu, bizim Avropa çempionatında ilk yarışlarımızdır və Bakı yalnız xoş təəssüratlar yaradır. İçərişəhərdə olduq, qədim binalar, qalalar çox xoşumuza gəldi".

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az