Belaruslu məşqçi: Avropa çempionatında şərait çox gözəldir

14 Aprel 2018 15:24

Biz Bakıda dost Azərbaycan xalqının dəstəyini hiss edirik, zal, mühit, xidmət çox xoşumuza gəlir.

Milli.Az bildirir ki, bunu Trend-ə Belarus milli komandasının məşqçisi Natalya Lebedeva deyib:

"Mən bir çox meydançalarda olmuşam, amma Bakıda çox rahat və gözəl şərait yaradılıb. Təşəkkür edirəm!"

Belarus idmançılarının nəticələrindən danışan məşqçi qeyd edib ki, yarışların əsas hissəsi hələ qabaqdadır:

"Uşaqlar yaxşı çıxış edir, amma əsas yarışlar qabaqdadır. Biz həm də çox məmnunuq ki, bizim artıq gənclər arasında olimpiya lisenziyamız var".

Azərbaycanlı idmançılara gəlincə, N.Lebedeva vurğulayıb ki, ölkədə maraqlı gənc idmançılar var:

"Onların gələcəyi var və məşqçilər bunu başa düşür".

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az