"Əməliyyat barədə Rusiya əvvəlcədən xəbərdar edilməyib"

14 Aprel 2018 10:32

"Əməliyyat barədə Rusiyaya əvvəlcədən xəbərdarlıq edilməyib, lakin münaqişənin qarşısını almaq üçün adi kanallardan istifadə olunub".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ ordusunun Birləşmiş Qərargahlar Komitəsinin rəisi, general Cozef Danford deyib. "Biz bu hədəfləri xüsusi olaraq seçdik ki, Rusiya qüvvələrinin münaqişəyə cəlb olunması riski azalsın. Hava məkanında münaqişəyə yol verməmək üçün mövcud olan adi kanallardan fəal istifadə etdik. Lakin biz hücumlar barədə rusiyalılarla hər hansı koordinasiya aparmadıq və onları qabaqcadan xəbərdar etmədik", - deyə general bildirib.  

C. Danford fikrini konkretləşdirərək qeyd edib ki, Rusiya tərəfi ABŞ və müttəfiqləri tərəfindən Suriya hava məkanından istifadə barədə məlumatlandırılıb, lakin bu, hərbi planlaşdırma və koordinasiya məsələlərini əhatə etməyib. O, eyni prosedurların ABŞ-ın Suriyadakı bütün əməliyyatları zamanı tətbiq olunduğunu söyləyib.  

ABŞ müdafiə naziri Ceyms Mattis isə əməliyyatda Suriyada kimyəvi silah istehsalı ilə əlaqəli olan infrastrukturun hədəf alındığını vurğulayıb. 

Milli.Az