Batut gimnastikası üzrə Avropa Çempionatının ikinci gününün qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib - FOTO

13 Aprel 2018 23:10

Bu gün Bakıda batut gimnastikası üzrə Avropa Çempionatının ikinci gününün komanda çıxışları üzrə "böyüklər" kateqoriyasında kişilər və qadınlar arasında qalibləri və mükafatçılarının, həmçinin batut gimnastikası və tamblinq üzrə kişilər və qadınlar arasında "yeniyetmələr" yaş kateqoriyasında mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, batut gimnastikası üzrə komanda çıxışlarında qadınlar arasında "qızıl" medalı Belarus yığması qazanıb. "Gümüş" medala Fransa, "bürünc" medala isə Portuqaliya yığmaları layiq görülüb. Kişilər arasında "qızıl" medala Belarus, "gümüş" medala Rusiya, "bürünc" medala isə Ukrayna yığmaları layiq görülüblər.

Tamblinq üzrə komanda yarışlarında qızlar arasında "qızıl" medala Böyük Britaniya təmsilçiləri, "gümüş" medala Rusiya təmsilçiləri, "bürünc" medala isə Fransa təmsilçiləri layiq görülüblər. Oğlanlar arasında birinci yeri Böyük Britaniya yığması, ikinci yeri Rusiya yığması, üçüncü yeri isə Ukrayna yığması tutub.

İkili mini-batut üzrə komanda yarışlarında qızlar arasında "qızıl" medala Rusiya yığması, "gümüş" medala Portuqaliya yığması, "bürünc" medala isə İspaniya yığması layiq görülüblər. Oğlanlar arasında birinci yerə rusiyalı gimnastlar, ikinci yerə ispaniyalı gimnastlar, üçüncü yerə isə portuqaliyalı gimnastlar layiq görülüblər.

Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, UEG-nin Batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Vladimir Zeman, UEG-in vitse-prezidenti Rudolf Hediger, Milli Məclisin deputatı Rauf Əliyev, Gimnastika Federasiyası baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının icraiyyə komitəsinin üzvü Mariana Vasileva və Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Milli.Az