Qaranquş gələndə çiçəkləyir, gedəndə solur...

14 Aprel 2018 19:35

Çoxillik ot bitkisi olan dəmrovotunun adı latın dilindən tərcümədə "qaranquş otu" mənası verir. Ona bu ad təsadüfən verilməyib: bitki qaranquşlar gələn vaxt çiçəkləyir, onlar uçub gedəndən sonra solur. Əsasən Avropa və Aralıq dənizi sahilində yerləşən ölkələrdə meşəlik, qayalıq ərazilərdə və yol kənarlarında bitir. Maydan avqusta qədər çiçəkləyir, çox da iri olmayan qara toxumları üzərində qarışqaları cəlb edən xüsusi qida əlavələri olduğuna görə həşəratlar vasitəsilə çoxalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eramızdan əvvəl II əsrdə yunan alimi Teofrast dəmrovotunun sarılıq, qaraciyər şişi və qəbizliyin müalicəsində istifadə edildiyini qeyd edib. İbn Sına isə yazırdı ki, onu çeynədikdə diş ağrısı azalır, onun şirəsi görməni itiləşdirir, kataraktanı müalicə edir və s. Qədim təbiblərin fikrincə, təzə yığılmış dəmrovotu bitkisini hər üç gündən bir xəstənin üzərində gəzdirməklə depressiyadan qurtulmaq olar.

Rusiyada ondan bir sıra ağır xəstəliklərin, hətta onkologiyada da müalicə məqsədilə istifadə edildiyinə görə onu "rus jenşeni" də adlandırırlar.

Dəmrovotunun yerüstü hissəsindən dərman kimi istifadə olunur. Ondan həm hipertoniya, ateroskleroz, leykoz, qida zəhərlənməsi, qrip, fibroma, hemorroy, qastrit, zob, podaqra, revmatizm, mədə və onikibarmaq xorası kimi daxili, həm də ziyil, papilloma, döyənək, polip, kandiloma, ekzema, qoturluq, göbələk, çiban, yanıq və s. kimi dəri xəstəliklərin müalicəsində istifadə edilir.

Onun şirəsini hazırlamaq üçün bitki ət maşınından keçirilir, alınmış kütlə ikiqat tənzifdən süzülərək şirəsi çıxarılır, şirə boş bankaya yığılaraq ağzı sıx və hermetik bağlanır. Müəyyən vaxtdan bir butulkanın ağzını açıb orada yaranmış qazı çıxarmaq lazımdır. 5-7 gündən sonra hazır olan dəmrovotu şirəsindən müalicə üçün istifadə etmək olar.

Dəmləməsinin hazırlanması üçün 500 qramlıq bankaya dəmrovotu yığılır, üzərinə bankanın yarısına çıxana qədər qaynar su əlavə edilir, ağzı bağlanıb müəyyən müddət dəmlənir, sonra soyudularaq gündə üç dəfə yeməkdən 10-15 dəqiqə əvvəl 100 ml qəbul edilir.

Milli.Az