Rusiyalı idmançı: "Yalnız Azərbaycan gimnastika yarışlarını belə yüksək səviyyədə keçirilə bilər"

13 Aprel 2018 18:49

Heç kim gimnastika yarışlarını Azərbaycan Gimnastika Federasiyası kimi maraqlı təşkil etmir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda Avropa çempionatının batut yarışlarında mübarizə aparan rusiyalı gimnast Dmitri Uşakov deyib.

O bildirib ki, Bakıda artıq ənənəvi hal almış yarışları çox bəyənir: "Düşünürəm ki, heç kim yarışları belə maraqlı keçirmir. Burada hər şeyin daha gözəl və əyləncəli olması və turnirdə iştirak üçün şou da vacibdir. Biz Bakıya gələndə əmin idik ki, elə bu cür də olacaq. Çünki azərbaycanlı təşkilatçılar yarışlara necə hazırlaşdıqlarını artıq göstəriblər. Hər şeyə görə və tamaşaçılar üçün belə maraqlı əyləncələrə görə təşəkkürlər!"

Öz çıxışına gəlincə, idmançı qeyd edib ki, ümumilikdə çıxışından razı qalıb:

"Bugünkü tapşırıq yerinə yetirildi - fərdi yarışlarda yarımfinala yüksəldim, komanda hərəkətlərində isə finala çıxdıq. Buna görə də bugünkü çıxışımdan razıyam. Növbəti çıxışlara hazırlaşacağıq".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Tofiq Əliyev, Fərid Mustafayev, Elnur Məmmədov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudovanın təmsil etdiyi yarışların 2-ci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçirilir.

Aprelin 14-də isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az