Azərbaycanlı tələbə Çində universitet birincisi olub - FOTO

13 Aprel 2018 15:45

Çinin Renmin Universitetində təhsil alan azərbaycanlı tələbə Fərahim Hüseynzadə bu ali təhsil ocağının daxili təqaüdü və ən yüksək mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən tələbə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan həmkarlarını qabaqlayıb.

Qeyd edək ki, F.Hüseynzadə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikası Hökumətinin qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) nüfuzlu Renmin Universitetində "Çinin biznes hüququ" ixtisası üzrə magistr pilləsində tam təqaüdlə təhsil alır.

Xatırladaq ki, Bakı Dövlət Universiteti hüquq fakültəsinin ingilis dili bölməsində bakalavr təhsili alan Fərahim Hüseynzadə "Mən Azərbaycanlıyam" intellektual oyunu üzrə ilin qalibi, "Nə?, Harada?, Nə zaman?" intellektual oyunu üzrə kuboklar sahibi, "Xəmsə" milli intellektual oyunu üzrə ölkə birincisi ve universitet liqası üzrə Azərbaycan çempionudur.

Zərif Nisə
Milli.Az