"Ailə qurmağım çox pis vaxtlara düşdü" - Tacir - FOTO

13 Aprel 2018 22:44

Tacir Şahmalıoğlu: "Uşaqlıq illərimdə dərd-qəmsiz, heç nəyi fikirləşmədən yaşamışam" 

Milli.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Uşaqlıq dövrünün hər bir anını indiyə kimi xatırlayır. O illərini çox mənalı, dolu-dolu yaşadığını, hərdən də xatırladıqca kövrəlib ağladığını deyir. Bununla yanaşı düşünür ki, insan həyatı müəyyən hissələrə ayrılır və bunlar yaşamı daha rəngarəng edir. "Əgər indi nəyisə düz ediriksə, deməli, əvvəllər nəyisə səhv edərək öyrənmişik. Buna görə də  insan keçmişdəki səhvlərinə görə peşman olmamalıdır" - deyən müsahibimiz tanınmış müğənni Tacir Şahmalıoğludur. 
 
"6 yaşımda atam mənim səsimi, istedadımı kəşf etdi"
 
Ailədə 4 bacı 4 qardaş olublar. Müsahibim 1965-ci ilin may ayında Ağdam rayonunun Sarhacılı kəndində ailənin ortancıl övladı olaraq dünyaya gəlib. Onunla ilk olaraq uşaqlıq illərindən danışdıq, o qayğısız illərinə qiyabi səfər etdik: "Hərdən tək olanda o illəri xatırlayıram. Yadıma düşdükcə də kövrəlib ağlayıram. O illərim elə gözəl keçib ki, bəlkə də xatirələrimdən bir kitab yazmaq olar. Elə o illərdə - 6 yaşımda atam mənim səsimi, istedadımı kəşf etdi. Həyətdə oyandığım vaxt özüm üçün mahnı oxuyurdum. Atam başa düşüb ki, mənim səsim var. Mən heç bunun fərqində deyildim. Atam məni çağırdı, oxumağımı istədi, mən də oxudum. O dövrdə pionerlər evi var idi. Oranın bədii rəhbəri kəndbəkənd düşüb yaxşı səsi olan uşaqları yığırdı. Bir dəfə bizim Sarhacılıya gələndə kimsə mənim haqqımda ona deyib. Atamla danışıb məsləhət etdilər. Daha sonra məni pionerlər evinə dəvət etdilər. 6 yaşımdan 12 yaşıma qədər orada musiqi təhsili aldım. Orda olanda "Qarabağ bülbülləri" instrumental ansamblında oxuyurdum, o dövrdə bizi müxtəlif yerlərə dəvət edirdilər. Biz də həmişə kollektiv gedirdik. Çox vaxt birincilik qazanırdıq. O dövrün ən böyük teatrı olan "Bolşoy Teatr"da bizi dinlədilər. Sonralar Almaniyaya, Türkiyəyə, İrana getdik. Beləliklə, "Qarabağ bülbülləri" instrumental ansamblı məşhurlaşdı, haqqımızda kino çəkildi. O kino da Qarabağın cənnət məkanlarında dilbər guşələrində lentə alındı".

"Allahın verdiyi nemətə görə həmişə hörmətli olmuşam"
 
7-ci sinfə kimi əlaçı olduğunu deyən müsahibimin ən çox sevdiyi fənn ədəbiyyat və coğrafiya olub: "Ədəbiyyat və coğrafiyanı çox sevirdim və yaxşı qiymət alırdım. Məktəbdə həmişə sevilən şagird olmuşam. Başqa dövlətlərdə konsertlərimiz olanda qəzetlərdə bizim haqqımızda məqalələr çıxırdı, dəfələrlə adım hallanırdı. O vaxtı hər şey indiki kimi sadə gəlmirdi.  Qəzetdə adının çıxması böyük uğur sayılırdı. Oxuduğum məktəbin adını ucaltdığıma görə direktorumuz və müəllimlərimiz məni sevirdilər. Allahın verdiyi nemətə - səsimə görə həmişə hörmətli olmuşam. 12 yaşım olanda oxuduğum "Bayatı Şiraz" muğamı indi də milyonların dilindədir. Onu hər bir uşaq oxuya bilməz. Bu, Allahın mənə verdiyi vergidir. El şənliklərində oxuyanda hamı çəngəl-bıçağını yerə qoyub mənə qulaq asardı. Səsimin məlahəti insanları özünə cəlb edirdi. Əgər kimsə bir-biri ilə danışırdısa, söhbətini yarımçıq saxlayırdı".
 
"Əsgərlikdə olanda ansambl yaratmışdıq"
 
Onillik orta təhsilini Ağdamda aldıqdan sonra 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. Deyir ki, hərbi xidmətdə də sənəti ilə diqqət mərkəzində olub: "1984-86-cı illərdə hərbi xidmətdə oldum. Orada olanda şəkil çəkir, gözəl xətlə yazı yazırdım. Hərbi xidmətimi Latviyanın Riqa şəhərində keçmişəm. Latışlar çox mədəni millətdirlər. Onlar mənim bu bacarıqlarımı kəşf etdilər. Orada yazı işlərinə baxırdım. Sonra isə musiqiçi olduğumu bildilər. Hətta sonradan biz orada əsgərlərdən ibarət ansambl da yaratmışdıq. Bizi gəlib başqa hərbi hissələrə, özəl məktəblərə dəvət edirdilər. O ansamblda tacik, özbək, rus, gürcü millətlərindən nümayəndələr var idi. O zaman demək olar ki, hər millətin mahnısından ifa edirdik. Əsgərlikdə çox danışılan ciddi davalar bizdə olmurdu. Hətta bir əsgər digər əsgəri vuranda gedib başa salırdıq. Əsgərlikdə qazandığım qazax, özbək dostlarım var idi. Onların bəziləri ilə indi də əlaqə saxlayır, yazışır, görüşürük".

Hərbi xidməti başa vurandan sonra müsahibim təhsilinə davam edib. Təhsil aldığı illərin də yaradıcılıq cəhətdən məhsuldar keçdiyini deyir: "Kollec illərində bir neçə filmdə rol aldım. Onlardan biri bizim "Qarabağ bülbülləri" ansamblı haqda olan 45 dəqiqəlik eyniadlı sənədli filmdir. Biz uşaq olanda o ansamblda oxuyurduq, qrupda 4 nəfər var idi. Mən kollecdə olanda, yəni 10 il sonra "Qarabağ bülbülləri"nin taleyi ilə maraqlandılar və haqqımızda belə bir film çəkdilər. Araşdırıb hər birimizi tapmışdılar. Onlardan biri un kombinatında, biri Bakıda mağazada, digəri isə kənd məktəbində işləyirdi. Musiqi kollecində oxuduğumu biləndə məni filmə çəkdilər. Daha sonra "Xanəndə" filmində, "Şah İsmayıl" operasında ifa etdim. Həmçinin, Üzeyir Hacıbəyovun "Sənətin akkordları" filmində də yer almışam. Bunlar mənim gənclik illərimə təsadüf edirdi".
 
İlk sevgisini kollec illərində yaşayan T.Şahmalıoğlu bunun ötəri hiss olduğunu bildirdi. Ailə qurması isə 30 yaşda olub: "Ailə qurmağım çox pis vaxtlara düşdü. 20 Yanvar faciəsini gördük, 92-ci ildə qaçqın olduq. Evlənmək haqqında heç fikirləşə də bilmirdim. Çünki heç ağlımdan da keçmirdi. O vaxtı adam ancaq ana-bacıdan, qardaşından başqa heç nə fikirləşə bilmirdi. Maddi imkanımız xeyli aşağı idi. Bilirsiniz ki, mən el şənliklərindən pul qazanıram. Həmin vaxt Bakıda elə bir vəziyyət yarandı ki, toylar da yığışıldı, çətin vəziyyət gəldi. 30 yaşa gəlib çıxanda gördüm ki, mənə bir həyat yoldaşı lazımdır. Evdən məsləhət bildilər, qohumlarımızdan bir xanımla həyatımı birləşdirdim. İki övladım - bir oğlum, bir qızım dünyaya gəldi. Balaca ailəmizdə demokratik abı-hava qurmuşuq. Ailəmə böyük hörmətim var. Bir-birimizin qəlbinə dəymirik, hörmətlə yanaşırıq. Oğlumun dediyini mən başa düşürəm, mənim dediyimi də o. Qızımı dünyaya dəyişmərəm. Allah nə qədər ömür verəcəksə, onu gözəl və mənalı yaşamağa çalışacam".

"Yemək yarışmasını mən qazandım"
 
Müsahibimiz deyir ki, həm də yaxşı aşpazdır, dadlı yeməklər bişirməyi bacarır: "Bir dəfə telekanalların birində yemək yarışı keçirilirdi. Beş nəfərlik yarışma iştirakçılarının dördü qadın olsa da, sonda mən qazandım. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim çox gözəl yemək bişirmək qabiliyyətim var. Elə olur ki, özəl yeməklər bişirirəm. Amma bu hər gün alınmır. Həm vaxt olmur, həm də həyat yoldaşım o qədər gözəl yeməklər bişirir ki, mətbəxdə mənə ehtiyac qalmır. Onun da əlinin duzu var, gözəl, dadlı yeməklər bişirir. Belə işlərdən qaçan adam deyiləm".
 
T.Şahmalıoğlu bildirdi ki, həyatının hər dövrünü bir hissəyə ayırır, hər birinin yeri isə xatirələrində fərqlidir: "Uşaqlıq illəri ilə gənclik dövrünü qarışdırmaq olmaz. Uşaqlıq illəri bir başqa, amma gənclik illəri tamam ayrıdır. İndi isə hər şey tam fərqlidir. Mən həmişə həyatımı hissələrə ayırıram. Uşaqlıq illərimdə dərd-qəmsiz, heç nəyi fikirləşmədən yaşamışam. Kollec illərində xeyli konsertlərim olub, artıq Ağdamda məşhur idim, öz ansamblım var idi, tədbirlərə, el şənliklərinə gedirdim. İndi deyirəm ki, kaş mən 20 il bundan qabaqkı yaşım olaydı. Həqiqətən də hər yaşın öz fərqi var. Məsələn, indi həyata tamam fərqli baxıram. Gəncliyimdəki kimi fikirləşmirəm. İndi daha ağıllıyam, etdiyim səhvləri təkrarlamamağa çalışıram. 20 il bundan əvvəl kiminsə qəlbinə dəyirdimsə, indi bundan çəkinirəm. Yəni, həyatı fikirləşə-fikirləşə yaşayıram".
 
Sonda T.Şahmalıoğlu gənclərə tövsiyələrini də verdi: "Gənclərə bir-birinə hörmət etməyi, təhsil almağı, elm öyrənməyi tövsiyə edərdim. Bəylər xanımlara qarşı münasibətdə daha həssas olmalıdırlar. Aqressiv olmamağı, bir-birinə hörmət bəsləməyi arzulayıram. Dəfələrlə oğlanların qızlara sataşdığını görmüşəm. Belə hallar gənclərə yaraşmaz. Qadınlara qarşı son dərəcə diqqətli, mülayim olmalıdırlar. Bizim xanımlarımız gözəldir, zərifdir. Ən başlıca tövsiyəm isə ata-analarımıza hörmətdir. Əgər bir ailədə valideynə hörmət yoxdursa, onun övladları da özünə elə davranacaq. Kim ki, valideynlərinə hörmət edir, onun qarşısında həmişə yaşıl işıq yanacaq və işi həmişə düz gətirəcək". 
 
Milli.Az