"Məni güldürməyin"

13 Aprel 2018 23:40

Harri Keynin istəyi ilə "Stok Siti" ilə görüşdə Kristian Eriksenin vurduğu qolla bağlı "Tottenhem"in apellyasiya müraciəti etməsi İngiltərədə maraqla qarşılanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, başda "Liverpul" oyunçuları olmaqla, futbol dünyasının məşhur simaları Keynin "qol aclığı"nı zarafata tutublar.

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino isə hücumçunun müdafiəsinə qalxıb. "Keyn topun ona toxunduğundan çox əmin idi. Məsələnin bu qədər böyüyəcəyini təxmin etmirdi. Reaksiyalara görə məyus olması normal haldı, çünki Keynin, o cümlədən bütün futbolçularımızın tvitter və instaqram hesabları var. "Tottenhem" azarkeşləri Harri Keynə dəstək olacaqlar. İnsanların baş verənlərlə bağlı şəxsi düşüncələrinin olması normaldı" - deyə, argentinalı mütəxəssis bildirib.

O, həmçinin Keynin bu məsələyə görə məyus olduğunu sözlərinə əlavə edib: "Keyn çox məyusdu, məqsədi bu deyildi. Bəzən sənin üçün kiçik olan bir şey böyüyür və qarşısını ala bilmirsən. Baş verənlərin izahı budu. Keyn bunlardan dərs çıxaracaq".

Poçettino apellyasiya qərarının əksinə, "Liverpul"un futbolçusu Məhəmməd Salahı daha çox qol vurmaq üçün təşviq edəcəyinə dair ünvanlanan sualı isə belə cavablandırıb: "Buna inanmıram. Salahın belə bir situasiyaya ehtiyacı olduğunu düşünmürəm. Məni güldürməyin".

Milli.Az