Tahir İmanov: “Talıb Taleləri, Üzeyirləri bəyənən KVN-i bəyənərmi?”

13 Aprel 2018 12:39

Hər ilin aprelində tamaşaçıları başına cəm edən KVN-çilər bu dəfə də ənənələrinə sadiq qalıblar.

Milli.Az bildirir ki, teatrın bədii rəhbəri, əməkdar artist Tahir İmanov yenicag.az-ın suallarını cavablandırıb.

- Maraqlıdır, konsertin adını niyə "Nataşa, tı prişol?" qoymusunuz?

- Bizim  növbəti konsertimiz "Formula 1"  yarışı ilə əlaqəli olmalıydı - "Formula 1.2, bizimki". Sadəcə olaraq, sonuncu konsertimizin kiçik bir səhnəciyində  Fedot adlı personajının məşhur bir ifadəsi var - "Nataşa, tı prişol?".  Bu ifadə o qədər məşhur oldu ki, sorağı Rusiya və digər ölkələrə gedib çıxdı. Hətta dekabr ayında Cabirlə Moskvada idik. Orda mənə dedilər ki, Novikov adlı məşhur restoranlar şəbəkəsinin sahibi bu səhnəciyi öz səhifəsində paylaşıb və böyük populyarlıq qazanıb. Mən dərhal Bakıya zəng edib yaradıcı heyətə bildirdim ki, konsertin adını təcili olaraq dəyişib "Nataşa, tı prişol?" qoyuruq. Düşündüm ki, bu fürsəti əldən verməməliyik.

- Bildiyim qədərilə əvvəlcə ikigünlük konsert nəzərdə tutmuşdunuz...

- Bəli, ancaq sonradan günlərin sayını dördə çatdırdıq. Tamaşaçıların çoxu bu gün keyfiyyətli satira və gülüş üçün darıxıblar. Həm yeni kinoları, həm də yumoristik proqramları nəzərdə tuturam. Bu qədər bayağılıq içində yaşayan tamaşaçı təbii ki, keyfiyyətli yumor üçün darıxıb. Bu gün Bəhram Bağırzadə, Azər Məmmədzadə, Emil Abbasov kimi aktyorlarımız var ki, tamaşaçılar məhz onlar üçün darıxıb.

- Həm də Tahir və Cabir İmanov qardaşları üçün...

- Təşəkkür edirəm. Qeyd edim ki, hər il xaricdən məhz konsertimizə görə Bakıya gəlir və aprel ayında "KVN" ənənələrini  tamaşaçılara yaşadırlar.

- Bu dəfə hədəfdə hansı məşhurlar olacaq?

- Geniş açıqlama vermək istəmirəm. Konsertimizin ilk nömrələrindən biri "Gündəm" adlanır. Yəqin ki, adından hər şey bəllidir. Hədəfimizdə məşhur və eyni zamanda bayağı müğənnilər, tanınmış siyasətçilər də var. Təssüflər olsun ki, indi səsi və sənəti olmyanlar gündəmdədir. Tamaşaçıları yumorun əsas qolu olan iti satira gözləyir.

- Bəlkə adlar çəkib, daha da konkretləşdirəsiniz hədəflərinizi?

- Qoy elə marağı qoruyub saxlayaq.

- Konserti yarımçıq tərk etmə ehtimalı varmı?

- Təbii ki, gözlənilir və həmişə belə olub.

- İndiyə qədər belə hal baş veribmi ki, hansısa sənətçini parodiya etmisiniz, o da əsəbiləşərək zalı tərk edib?

- Bunun əsasını ilk dəfə 2004-cü ildə Ədalət Şükürov qoyub. Rafael onu tənqid edəndə zalı yarımçıq tərk etmişdi. Çox adamlar olub. Biz çalışırıq yumordan anlayışı olan insanları parodiya edək.

- Tamaşaçını da sona qədər zalda saxlamanızın sirri nədədir bəs?

- Əvvəllər olurdu. Konsert başa çatan kimi insanlar qarderoba qaçırdılar ki, yolda tıxaca düşməsinlər. Bir kəlmə dedim ki, indi səhnədə əcnəbi artist olsaydı, sona qədər oturub onları alqışlayardınız.  Bu sözlərdən sonra bir nəfər də olsun zalı tərk etmir.

Kifayət qədər sərt satiralarınız olur. Heç konsert zamanı zəng edib szi hədələyən, təzyiq göstərən olubmu?

- Bu cür hədələr konsertdən sonra olub, qarşıma şərtlər qoyulub.  Eyni zamanda, televiziya rəhbərlərinə zəng edib deyiblər ki, filan səhnəcəyi çıxarın və s.

- Yeri gəlmişkən, telekanallarla münasibətiniz necədir, buzlar əriyibmi?

- Xeyr. Əhvalım yüksəkdir gözəl hava var, bu mövzuda danışıb, əhvalımı korlamaq istəmirəm.

- Demək ki, qadağalar hələ də var...

- 2015-ci ildən bütün televiziyaları tərk etmişik. Talıb taleləri, üzeyirləri bəyənənlər KVN-i bəyənərmi?

Milli.Az