Donald Trampın yeni maşını barədə TƏFƏRRÜATLAR - FOTO

13 Aprel 2018 18:04

ABŞ prezidenti Donald Tramp üçün yeni zirehli, Cadillac markalı avtomobil hazırlanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, maşın ABŞ-ın Məxfi Xidmətinə (Secret Service) təhvil verilib.

1,5 milyon dollarlıq maşın ABŞ-ın sabiq prezidenti Barak Obamadan qalan modeli əvəzləyəcək.

Ənənəvi olaraq "The Beast" ("Yırtıcı") adlandırılmış maşın sınanır. O, Birləşmiş Ştatların dövlət başçısını atıcı, kimyəvi silahlardan, habelə qumbaralardan və minalardan qorumalıdır.

Bu Cadillac dünyanın ən təhlükəsiz avtomobili sayılır.

"The Beast"dan ötən il Donald Trampın inauqurasiya mərasimində istifadə etmək nəzərdə tutulmuşdu. Lakin maşın hazır olmadığından plan baş tutmayıb.

Avtomobilin 13 sm qalınlığındakı zirehi alüminium, polad, titan və keramikadan hazırlanıb. Hermetik qapıların qalınlığı isə 20 sm-dir və zirehdələn güllələrə davamlıdır.

Avtomobilin kuzasının altı polad lövhə ilə bərkidilib, təkərlərinin şinləri isə kevlardandır.

Maşının yük yerində salonun muxtar təminatı üçün oksigen balonu, yanğınsöndürmə sistemi, gözyaşardıcı qaz balonu və tüstü generatoru var. Zirehli benzin bakı partlayışın qarşısını almaq üçün xüsusi köpüklə doldurulub.

Milli.Az