Çempionlar Liqasının son püşkü: Yarımfinalda kim-kimə rəqib olacaq?

13 Aprel 2018 09:55

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Finala gedən yolda 4 komanda - "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Roma" (İtaliya) 2 cütlük formalaşdıracaqlar.

İştirakçılar səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcəklər. Bütün komandalar bir-birinə rəqib ola bilər.

Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək. 

Çempionlar Liqasının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko püşkatma mərasimində assisent olacaq. 

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Milli.Az