Stiqma, onun formaları və mübarizə üsulları

6 Aprel 2018 07:41

"Stiqma" yunan sözü olub ləkə, damğa və işarə mənası verir. Hələ lap əvvəllərdən taun xəstəliyinə tutulanları ayırmaq üçün onların boynundan zınqırov asılması, bəzi ölkələrdə ruhi pozuntuları olanların öldürülmasi, keçmiş Sovet Ittifaqı dövründə dövlətə qarşı çıxanların psixi xəstə adlandırılaraq məcburi stasionarlarda yerləşdirilməsi faktları kimi stiqmanın inkişafına təkan verən hadisələr olub. Stiqma hər hansı bir vəziyyət, amil, qüsur, xəstəlik və ya insan xüsusiyyəti ilə əlaqədar yaranan alçaldıcı münasibətdir. İlk dəfə 1960-cı ildə Amerikalı alim İrvinq Hoffman psixi xəstələrə olan münasibətdə stiqmanın olmasından bəhs edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, stiqmanın yaranmasının bioloji, sosial-iqtisadi və psixoloji səbəbləri barədə danışan Psixi Sağlamlıq Mərkəzinin müalicə-konsultativ şöbəsinin müdiri Səbinə Rəşidova deyib: "Psixi pozuntularla əlaqədar yaranan stiqma müxtəlif sahələrdə insan fəaliyyətinin və qabiliyyətlərinin məhdudlaşdırılmasına səbəb olur. Məsələn, ailə üzvlərindən biri bu problemdən əziyyət çəkdikdə stiqma özünü xəstəyə görə yaranan utanc, təşviş hiss ilə, xəstəyə qarşı mənfi münasibətin formalaşması ilə, yüksək qəyyumluq və paternalizmlə, qohumlar, qonşular, dostlar arasında fərqli münasibətlə özünü büruzə verir.

Stiqma psixi pozuntudan əziyyət çəkən və ya nə vaxtsa bu cür problemi olanlar işə qəbul zamanı, karyerasında, davamlı fəaliyyət göstərməsində çətinliklərlə üzləşləşirlər. Məsələn, çox tez-tez rast gəldiyimiz problemlərdən biri işə girmək istəyənlərdən qəbul olunduğu yerdən asılı olaraq əsassız özündə və ya hansısa yaxın qohumunda psixi pozuntunun olub-olmaması ilə əlaqədar psixoloji müayinə haqqında arayışın və ya rəyin tələb edilməsidir. Əslində anasını itirdiyinə görə depressiyadan əziyyət çəkənin psixiatrik müalicə alması onun ömürlük bu problemlə yaşayacağı demək deyil və o da başqaları kimi istənilən sahədə normal fəaliyyət göstərə bilər.

Sosial həyatdakı stiqmaya sosial rifahın aşağı enməsi, fəaliyyətdə qabiliyyətsizlik, hüquqi müdafiəsizlik, hüquqların pozulması, sosial təcrid olunma aid edilir. Məsələn, bəzən psixi pozuntudan əziyyət çəkənin ailə üzvləri, yaxın qohumları və ətrafında olanlar elə düşünürlər ki, onun yaşadığı evdə heç nəyə hüququ yoxdur və onun stasionar şəraitdə müalicə olunması lazımdır. Əslində psixi pozuntudan əziyyət çəkən də başqaları kimi hüquq və azadlıqlara malikdir".

Psixiatrın dediyinə görə, mətbuatda işıqlandırılan cinayət xarakterli hadisələr, intihar, aqressiv davranış və zorakılıqların psixi pozğunluğu olanlar tərəfindən törədilməsinin xüsusi qabardılması bu sahədə stiqmanın daha da dərinləşməsinə səbəb olur: "Halbuki əslində ümumi statistik məlumatlara görə cinayət, aqressiya və zorakılıq törədənlərin çox böyük əksəriyyəti fiziki cəhətdən sağlam olanlardır.

Mətbuatda yanlış şəkildə tez-tez rast gəlinən psixi pozuntulara "nəzarət" və "qeydiyyat" terminlərinin işlədilməsi də stiqmanın inkişafına səbəb olur. Ölkəmizdə bu barədə qəbul edilmiş qanuna əsasən həmin terminlərin istifadəsi düzgün deyil və hazırda onların qeydiyyatı aparılmır. Psixi pozuntudan əziyyət çəkənlər yalnız xəstəlik dövrü müalicə edilir və bundan sonra onlar normal həyat fəaliyyətlərini davam etdirilər".

Səhiyyədə stiqmanın özünü büruzə verməsi hallarından danışan psixiatr deyib: "Psixi pozuntudan əziyyət çəkənlərin hüquqlarının müxtəlif sahələrdə süni şəkildə məhdudlaşdırıldığına görə onlar müalicə üçün rəsmi yardımdan yayınır, xəstəliklərini gizlədirlər. Beləcə onlar vaxtında müalicə olunmur və fəsadlaşmaya şərait yaranır, yanaşı somatik xəstəliklə əlaqədar stasionara müraciət olunduqda və ya həyati vacib cərrahi əməliyyatlara ehtiyac yarananda bir sıra çətinliklərlə üzləşirlər. Məsələn, autizm sindromundan əziyyət çəkənin təcili "qasıq yırtığı" əməliyyatına göstəriş olduğu halda ondan psixiatrın müayinəsinin tələb olunması nə dərəcədə doğrudur? Halbuki psixi pozuntudan əziyyət çəkən də başqaları kimi lazımı müalicə üçün müxtəlif şöbələrdə tibbi yardım almaq hüququna malikdir.

Stiqma ilə mübarizə apararkən onun haqqında daim məlumat vermək, psixi problemlərlə üzləşənləri dinləmək, nitqə nəzarət etmək, stiqma yaradan materiallara qarşı reaksiya vermək, onun mənfi nəticələri haqqında fikir söyləmək, psixi sağlamlıqla əlaqədar sualları açıq müzakirə etmək və onların hüquqlarını müdafiə etmək və digər məsələlərə əməl etmək tələb olunur."

Onun dediyinə görə, psixi pozuntudan əziyyət çəkənlər əvvəlki kimi mərkəzləşmiş müəssisələrə deyil, digər xəstələr kimi yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edə bilərlər. Nəzərə almaq lazımdır ki, heç kəs psixi pozuntuya tutulmaqdan sığortalanmayıb və ondan əziyyət çəkmək heç də həyatın sonu deyil. Hər bir sivil cəmiyyətdə psixi pozuntudan əziyyət çəkənlərə xüsusi qayğı göstərilməli və onların hüquqları qorunmalıdır.

Milli.Az