Mir Mövsüm Ağa ziyarətgahında bir gün - REPORTAJ - FOTO

26 Avqust 2011 09:15
Elə indinin özündə də çoxları onu böyük hörmətlə yad edir, ruhuna dua oxuyurlar.

Bildiyiniz kimi, Ağanın xatirəsini əziz tutanlar həm onun İçərişəhərdəki mənzilinə, həm də şəhər kənarındakı ziyarətgahına üz tuturlar. Mən də qərara aldım ki, Mir Mövsüm Ağanın Şüvəlan qəsəbəsində yerləşən ziyarətgahına baş çəkim.

Bu ziyarətgah kompleksinin digərləri arasında özünəməxsus yeri var. Ərazisinə qədəm basan kimi insanın ruhuna bir sakitlik, hüzur çökür. Şəraiti də xeyli yaxşılaşdırılıb. Möminlər üçün ayrıca namaz otaqları, yeməkxana, qurbangah, qonaq evi tikilib.

Tikinti işlərinin necə aparılması ilə maraqlanıram. Ziyarətgaha təyin olunmuş axunda yanaşıram. O deyir ki, ziyarətgah qəbristan ərazisində yerləşdiyindən tikinti və abadlıq işlərində texnikadan istifadə etməməyə çalışırlar. Sanki məzarlarda uyuyanların rahatlığını pozmaq istəmirlər. Abadlıq işlərinin, yəqin ki, elə də ucuz başa gəlmədiyini dilə gətirirəm. "Hamısı yığılan nəzirlərin hesabınadır", - müsahibim cavab verir.

Gələnlərinsə ardı-arası kəsilmir. Hər qiyafədə adamlar var. Qarılar, əlitəsbehli qocalar, maraqla ətrafa boylanan uşaqlar, hətta dəblə geyinmiş xanımlar ziyarətgaha doğru axışırlar. Amma çox keçmir ki, bər-bəzəkdən əsər-əlamət qalmır - xanımlara verilən xüsusi üst geyimi və kələğayılar sanki hamını bərabərləşdirir.

İçəri daxil oluram. Fotoaparatı əlimdə görən gözətçi məni məzəmmət edir - "Olmaz!" Əlacsız qalıb, çantama qoyuram. İçəridə şəkil çəkməyəcəyimə inandırıram. Ümumi axına qoşuluram. İkimərtəbəli ziyarətgahda kişilər yuxarı, qadınlar aşağı mərtəbədə sıra ilə Ağanın qəbrinin başına dolanıb dualar zikr edirlər. Kimisi ürəyində, kimisi pıçıltı ilə. Əvvəlcə ayrı-ayrılıqda hər duaya qulaq verməyə çalışıram. Sonra yavaş-yavaş pıçıltı səsləri uğultuya çevrilir. Aşağıya baxıram. Qəbrin ətrafında xeylı qiymətli əşya - qızıl zəncir, qolbaq, saat gözümə sataşır. Niyyət tutub gətirib buraya qoyublar. Ümumiyyətlə, burada nəzir paylayanlar çoxdur. Kimi şirniyyat paylayır, kimi qurban kəsir. Hərənin bir niyyəti var. Mir Mövsüm Ağanın ruhuna salavat çevirib aşağıya düşürəm.

Həyətdə dayananlara - ziyarət edib çıxanlara və hələ bunu etməyə hazırlaşanlara - yaxınlaşıram. "Tez-tezmi gəlirsiniz buraya?" - deyə soruşuram. Bir nənə təsdiqləyir: "Hə, başına dönüm, tez-tez. Orucluqda lap hər gün gəlirəm". Başqa bir oğlan burada namaz qılmağın xoşuna gəldiyini deyir. 30-35 yaşlarında bir qadın isə nə zaman bir problemi olsa, buraya üz tutduğunu söyləyir: "Onsuz da evdə də, burada da işlərimin düzəlməsi üçün Allaha yalvarıram, amma Ağanın qəbrini ziyarət edib, ruhuna salavat çevirəndə işlərim daha tez alınır". Çoxlarıyla danışıram, niyyət-məqsədlərini soruşuram. Adlarını demək istəmirlər, amma dərdlərini bölüşürlər. "Nə fərqi var e, qardaş, hamımız Allahın bəndələriyik, - deyir həmyaşıdım. - Əsas odur ki, haraya nə üçün getdiyini, kimə nə üçün dua elədiyini biləsən!"

Zaur Mustafayev
Milli.Az