Paxıllıq nə ilə nəticələnə bilər?

19 Avqust 2011 12:00
"Ekspress" qəzeti yazır ki, paxıllıq insana xas olan mənfi xüsusiyyətlərdən biridir. İstər qadın olsun, istərsə kişi, hər kəs bu hissi yaşayır. Amma danılmaz faktdır ki, qadınlar kişilərdən daha paxıl olurlar. Araşdırmalar nəticəsində məlum olub ki, paxıllıq qadın həyatının ayrılmaz bir hissəsidir. Qadınlar bir-biri ilə rəqabət aparmağı, bir-birinin dalınca danışmağı normal hesab edirlər.

Bəziləri paxıllığı xudbinlik və ya qibtə hissi ilə qarışdırırlar. Psixoterapevt İkram Rüstəmov bildirir ki, paxıllıq, xudbinlik və qibtə arasında böyük fərqlər var. Xudbinlik başqalarına yuxarıdan aşağı baxmaqdır, qibtə isə zərərsiz bir hissdir. Paxıllıq insana hərtərəfli zərbə vurur. Bunu psixoloji və sosioloji bir bəla sayan həmsöhbətim hesab edir ki, insanların bir-birinə olan paxıllıq hissi zaman keçdikcə rəqabətə çevrilir.

Onun sözlərinə görə, paxıllıq öncə gözlərdən, daha sonra hərəkətlərdən və danışıqlardan bəlli olur. "Paxıl adam özünə yer tapa bilmir, başqalarının fərəhi ona dərd olur.

Ataların bir misalı var, "pas dəmiri yeyən kimi, paxıllıq da insanların qəlbini yeyir".

Mütəxəssislərin fikrincə, bu elə bir hissdir ki, insan istəsə, onu zamanında cilovlaya bilər. "Əgər insan əzab çəkmək istəmirsə, bu hissi özünə yaxın buraxmamalıdır. Çünki insan elə bir varlıqdır ki, ürəyi istəyəndə hər şeyə nail ola bilər. "Paxıllığın dili uzundur, çünki əlləri qısadır" məsəli əbəs yerə deyilməyib. Bu, həqiqətən belədir. Bacarığı olmayanlar, özlərini əskik hiss edənlər hər zaman paxıl olurlar", - deyən İ.Rüstəmovun sözlərinə görə, çünki belələri paxıllıq etdikləri insanın səviyyəsinə heç bir zaman çatmayacaqlarına əmindirlər.

"Kiməsə paxıllıq etmək onu səviyyəcə özündən yüksək etməkdir", - deyən həkim hesab edir ki, paxıllıq xəstəlik halına çatanda həddən artıq qorxulu olur. Onun sözlərinə görə, paxıl insan paxıllıq etdiyi şəxslə yanaşı, özünə də ciddi zərər vura bilər. "Paxıllıq hissi uzun müddət davam edirsə, artıq bu xəstəliyə çevrilir. Paxıl insanların xarici görkəmləri də dəyişir. Çünki daxili hissləri xarici görkəmdə özünü biruzə verir. Paxıllıq çəkənlər bir yerdə qərar tutmur, hər zaman kədərli, fikirli olur, dərisinin rəngi avazıyır, yalandan gülməklə özlərini ətrafa yaxşı olduqlarını göstərirlər. Paxıllıq xəstəlik halına çevriləndə insan özü də iş görmək qabiliyyətini itirir. Paxıl hər zaman yalan danışır. Paxıl paxıllıq etdiyi insanın ünvanına yaxşı sözlər eşitdikcə dəfələrlə ölür ki, bu da onu mənən məhv edir".

Həmsöhbətimin dediyinə görə, digər tərəfdən paxıllıq insanı yaşamağa həvəsləndirir: "Paxıllıq hissi olmasa, insan yaşaya bilməz. Əgər sənə paxıllıq etmirlərsə, deməli, sənin heç dəyərin yoxdur".

Həkimin sözlərinə görə, həsəd hissi "ağ paxıllıq" adlanır. Kökündə mənfi hisslər durmayan, kinsiz-nifrətsiz paxıllıq ağ paxıllıqdır. Bu paxıllığın heç kəsə ziyanı olmur. İ.Rüstəmov bildirir ki, "ağ paxıllığı" hiyləgər insanlar düşünüblər. Əslində isə paxıllığın ağı-qarası olmur. Həkim bu hissin qarşısını almağın mümkün olmadığını deyir: "Çünki heç kəs gəlib demir ki, mən paxıllıqdan ölürəm. Əgər belə problemlə müraciət olursa, bu elmdə emosiya pozğunluğu adlanır. Bunun da qarşısını istər dərman preparatlarıyla, istərsə də psixoterapiya ilə almaq mümkündür".

Paxıllığın insanın özünə hörmətsizlik hissi olduğunu deyən psixoterapevt paxılların onlara paxıllıq edilmədiyi üçün paxıllıq etdiklərini deyir. "Ətrafınızdakı paxıl insanlara fikir versəniz görərsiniz ki, bu adamlar özləri nə qədər bacarıqsız, düşüncəsiz olurlar. Xarici görünüşü yaxşı olmayanlar gözəllərə, bacarıqsızlar bacarıqlılara paxıllıq edirlər. Əslində bu, insani xüsusiyyətdir. Amma paxılııq ölümə bərabərdir".

İkram Rüstəmov sonda paxıllığı çəkilən insanlara da öz məsləhətini verdi. "Sizə paxıllıq edirlərsə, deməli, siz varsınız. Ruhdan düşməyin, daha da mübariz olun, sizə paxıllıq edənləri mənən öldürün. Onları özünüzlə müqayisə edin, rahat olacaqsınız".

Paxıllığın dində də normal qəbul edilmədiyini bildirən ilahiyyatçı Səriyyə Saminin sözlərinə görə, paxıllıq günah və haramdır: "Paxıllıq, həsəd, qeybət İslama zidd olan amillərdir. Allah da paxıl insanları sevmir. Paxıl olan insanlar cəmiyyət arasında daim seçilir. Onların həyatlarına nəzər yetirsəniz, nə qədər böyük bir boşluqda olduqlarını görərsiniz. Allah paxıl adamdan hər şeyi əsirgəyir. Bir gün ömrünün 120 ilini arxada qoymuş bir köçəri ərəbdən soruşurlar ki, necə olub, bu qədər yaşamısan? Ərəb bu yaşa qədər heç kəsə paxıllıq etmədiyini deyir. Bu o deməkdir ki, insanın uzun ömürlü və sağlam olması birbaşa paxıllıq hissi ilə əlaqədardır", - deyən ilahiyyatçı paxıl insanlara hisslərini cilovlamağı məsləhət görür. Dediyinə görə, hər şeyi verən də, alan da Allahdır. Belə olan təqdirdə insanların bir-birinə paxıllıq etməsi mənasızdır.

Milli.Az