ADNA-da törədilmiş qanlı hadisə ilə bağlı 4 nəfərin işi məhkəməyə göndərildi
30 Mart 2010 12:58
Ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Fərda Qədirov tərəfindən insanların xüsusi amansızlıqla qəsdən öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işinin istintaqı başa çatıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Milli.Az xəbər portalının sorğusuna cavabında bildirib.
Məlumatda deyilir ki, aparılmış istintaqla törətdikləri cinayət əməlləri təkzibedilməz dəlillərlə sübuta yetirilmiş Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna isə Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinə onun barəsində olan hissəsinə xitam verilib.
Respublika Baş Prokurorluğu tərəfindən yuxarıdakı şəxslər barəsində istintaq tamamlanaraq 29 mart 2010-cu il tarixdə cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.
Anar Məmmədov
Milli.Az