Azərbaycanlı müğənni: "Filmlərə, seriallara təkliflər almışam" - MÜSAHİBƏ

18 Avqust 2011 21:38
"Azadinform"un suallarını Əməkdar artist Sevda Ələkbərzadə cavablandırıb.

- İndi yay mövsümüdür, müğənnilərin, sənətçilərin əksəriyyəti dincəlir. Siz istirahət etmisinizmi, yoxsa hələ edəcəksiniz?

- Hələ istirahətə vaxtım olmayıb, heç bilmirəm vaxtım olacaq ya yox?! Hardasa ürəyimdən keçir, amma işlər çoxdur, gərək onları bitirim.

- İlk dəfə məşhur cazmen Vaqif Mustafazadə muğamla cazı sintez edəndə birmənalı qarşılanmadı. Sizin də bəzi xalq və milli mahnıları sintez edərək ifa etməniz birmənalı qarşılanmır. İstər yaxşı, istər pis mənada haqqınızda çox danışırlar. Milli mahnıları sintez etmək kimin ideyası idi? Siz bunu yaradıcılıqda fərqlənmək üçün etdiniz, yoxsa bir zərurət vardı? Ümumiyyətlə, mahnıları dəyişərək oxumaqda məqsədiniz nə idi?

- Bu elə bir şeydir ki, heç kəsin məsləhəti, ya da ki, fərqlənmək üçün edə bilməzsən. Çünki musiqini bu formada ifa etmək ilk növbədə insanın içindən gəlməlidir və bunun üçün professional musiqiçi olmalısan, bir neçə janrı bilməlisən. Yəni təkcə bir janrı bilib sintez etmək olmaz. Bu, bir janrda ifa etməkdən daha çətindir. Əgər siz mənim hələ 1996-cı ildə oxuduğum mahnıları dinləsəniz, o zaman "Dəli ceyran" xalq mahnısını sırf xalq musiqisi kimi ifa etməmişəm. Yəni özüm kimi və bir az Qərb musiqisinə yaxın ifa etmişəm. Və yadınızdadırsa o vaxt - 1996-cı ildə ümumiyyətlə, Azərbaycan gəncləri demək olar ki, Azərbaycan mahnılarını dinləmirdilər. Daha çox rus və Qərb estradasına meyilli idilər.

"Rast"la müasir Azərbaycan mahnıları dinlənilməyə başlandı. Arenjeman, yeni səslər, müasir musiqi, yeni ifa məhz bizim  qrupumuzdan - "Rast"dan gəlməyə başladı. Bununla bərabər, bu həm də uşaqlıqdan mənim içimdə vardı. Mən uşaq olanda "De gülüm gəlsin, ay nənə, de yarım gəlsin, ay nənə" mahnısını artıq özünəməxsus bir formada ifa edirdim. Ona görə də illər keçdikcə püxtələşdim və indi ifa etdiyim janra gəldim. Və bundan sonra da nə olacaq, elə mənim özümə də maraqlıdır.

- Siz bu cür ifaya başlayanda ilk tənqid edən və ilk tərifləyən kim oldu? Sizə ən çox təsir edən tənqid hansı idi?

- Oxumağa yeni başlayanda Rafiq Babayev bizi dinləmişdi və çox bəyənmişdi. Bizim gözəl sənətkarımız Akif İslamzadə studiyaya gəlirdi və mahnılarımızı dinləyirdi, öz fikrini söyləyirdi. O da bəyənirdi, həmişə dəstəkləyirdi və indi də dəstəkləyir. Cəmil Əmirov və bir çox sənətkarımızın adını çəkə bilərəm ki, bizim ifa tərzimizi bəyənir. Yaxşı musiqiçilərin, sənətkarların fikirləri mənə çox maraqlıdır, hətta tənqid də olsa belə. Hərçənd ki, bayaq adlarını çəkdiyim insanlardan tənqid eşitməmişəm.

Amma o ki qaldı tənqidə, o da sağlam tənqid olmalıdır, yalançı, şou xətrinə yox. Bir ara bəzi verilişlərə getmirdim və sonra həmin verilişlərdə mənə qarşı bu cür tənqidlər edirdilər, studiyaya yalançı zənglər olurdu, Elmiraya Sevda deyirdilər, Sevdaya Elmira. Yəni bu artıq sağlam tənqid deyildi, bu nəyəsə, kiməsə görə olunan tənqid idi. Amma hər bir insanın fikrinə mən hörmətlə yanaşıram. Təbii ki, yer üzündə Maykl Ceksondan tutmuş, Beyons, Madonnaya kimi elə bir müğənni yoxdur ki, onu hamı sevsin. Əlbəttə, sevən adam da var, sevməyən də. Əsas odur ki, musiqiçi öz işini professional etdiyini bilsin. Professional musiqiçi insanların arxasınca qaçmayan, əksinə, onları öz arxasınca aparmağı bacarandır.

- Tənqid olarkən ruhdan düşdüyünüz vaxt olub?

- Yox. Çünki elə insanlardan tənqid eşitmişəm ki, sadəcə gülmüşəm. Ona görə ki, bir musiqiçi kimi qəbul etdiyim insanın fikri mənim üçün dəyərlidir. O insanı ki mən özüm dinləmirəm, onu bir musiqiçi kimi qəbul etmirəm, onun fikri mənim üçün heç nədir. Bilirsiniz, durub Fərhad Bədəlbəyli, rəhmətlik Müslüm Maqomayev kimi o boyda böyük sənətkarların, bizim gözəl musiqişünaslar, professorların fikrini qoyub kimin fikrini qəbul etməliyəm?!

- Bəs ümumiyyətlə, bir insan, bir qadın kimi nə sizi ruhdan sala bilər? Nə sizin əhvalınızı korlaya bilər?

- Mənim əhval-ruhiyyəmi çox şey korlaya bilər: pis yuxu görməyim, havanın pis olması, acı bir söz. Mən ümumiyyətlə, əhval-ruhiyyə insanıyam. İstənilən bir şey - adi maşın sürərkən göyün rənginin yaxşı olması ilə mənim əhval-ruhiyyəm qalxa bilər. Yəni elə nüanslar var ki, mən onları görməyi bacarıram. Mən içdən sənət adamıyam, bu mənim qanımdadır.

- Sizin repertuarınızda "Laçın" mahnısının özünəməxsus yeri var. Bu kompozisiya nə vaxt və necə yarandı?

- "Laçın"ı mən uşaqlıqdan dinləyirəm. Bu mahnını atam rəhmətlik tez-tez oxuyardı. Və uşaqlıqdan mənim beynimə həkk olunub. "Şəbu-hicran" albomunu hazırlayanda fikirləşdim ki, bu mahnını da yazım. Belə fikirləşirəm ki, ikinci nəfəs verdik bu mahnıya. Bizim görkəmli sənətkarımız Şəfiqə Məmmədovanın ən sevimli mahnılarından biridir. Özü deyir ki, onu dinləyəndə həmişə gözləri yaşarır. Deyir ki, hər zaman onu dinləyir. Rəhmətlik Anar Məmmədxanovun çox sevimli mahnısı idi. Hər zaman dinləyirdi. Bir oğlan var idi mənə deyirdi ki, əsgərlikdə hər səhər duranda bu mahnı onlarda himn kimi imiş, hər səhər "Laçın"ı dinləyir və hamısı oxuyurmuşlar. Bizim dostumuz var Elman müəllim cərrahdır, o, da deyir ki, mənim musiqilərimin sədaları altında əməliyyat edir.

- Xalq artisti Alim Qasımovdan muğam dərsləri almısınız. Siz müəyyən kompozisiyalarınızı da qavalla ifa etmisiniz. Amma ola bilərmi ki, sizi bütünlüklə muğam ifa edən müğənni kimi görək?

- "Mahur" muğamını ifa etmişəm. Mənə muğamlarımızı yeni arenjemanlarda ifa etmək daha maraqlıdır. Yəni öz gördüyüm kimi. Düzdür, mən xanəndə deyiləm, amma diplomumda xanəndə yazılıb. Buna baxmayaraq, yenə də özümü xanəndə hesab etmirəm.

- Hansı yeniliyiniz var? Hazırda hansı layihə üzərində işləyirsiniz? Konsert  planlarınız varmı?

- Sonuncu konsertim Fransada olub. Sonra başladım yeni layihə üzərində çalışmağa. Ona görə də vaxtım da azdır. Bu da beynəlxalq bir layihədir. Bizim ölkədən başqa iki dövlət də iştirak edəcək. Çox maraqlı bir layihə olmalıdır. Amma hələlik bu barədə çox danışmaq istəmirəm. Beynəlxalq layihə olacaq. İnşallah, Azərbaycan və postsovet ölkələrində analoqu olmayan bir layihə həyata keçirəcəyik. Çox maraqlı bir ideyadır. İndiyədək olan layihələrdən də fərqlənəcək. Qastrol, konsert proqramları  da olacaq. Bəziləri fikirləşir ki, layihə bir mahnı və bir kliplə bitir. Deyirlər ki, mən layihə etdim. Mən layihə qlobal olan şeylərə deyirəm, bura konsert, yeni musiqi, maraqlı janr, maraqlı sintez daxildir. İndiyədək ifa etdiyim mahnıların lap yeni versiyaları da olacaq və yeni mahnılar da olacaq.

- Ümumiyyətlə, sizin neçə musiqi albomunuz çıxıb?

- 10-a yaxın.

- İndi bir çox müğənni toylardan pul qazanır. Siz isə toylara getmirsiniz, açıq etiraf edək, disk satışından pul qazanmaq olurmu, yoxsa başqa gəlir yeriniz də var?

- Mənim repertuarımda oynamalı mahnı da var, dinləməli mahnı da. Təkcə toyda yox, hər yerdə oynamaq olar. Mən albomlarımın da xaricdə satışından qazanıram. Sonra mən kreativ gecələrdə, səviyyəli tədbirlərdə, bankların açılışında çıxış edirəm. Harda səviyyəli tədbir varsa, mən orda çıxış edirəm. O ki qaldı müğənni hardan qazanmalıdır, heç kimi qınamaq olmaz. Bu, hər kəsin şəxsi işidir. Sadəcə, mən həmişə demişəm ki, toyu böyük səhnəyə gətirmək lazım deyil. Çünki professional səhnə professional musiqi istəyir. Kim harda çıxış edir, kim hardan qazanır, bu onun halal zəhmətidir.

- Yəni həm toy, həm professional səhnədə olmaq mümkün deyil?

- Mümkündür. Sadəcə, professional səhnədə professional musiqi olmalıdır, toyda isə toy musiqisi.

- Sizə musiqi tədris etmək təklif edilsə, razılaşarsınız?

- Mən İsveçrədə konservatoriyada master-klass keçmişəm. Amma bir ara fikirləşdim ki, Azərbaycanda uşaqlara master-klass keçim. Sonra gördüm ki, vaxtım olmur. Tələbələr yığıldı, çox yığıldı, həddən artıq çox. Sonra qastrol səfərlərim başladı və başa düşdüm ki, mən bunlarla normal dərs apara bilməyəcəm. Çünki müəllim müəllim olmalıdır. Müəllim özünü tələbələrə həsr etməlidir. Mən onu edə bilmədim. Çünki mənim öz işlərim də çoxdur. Başa düşdüm ki, müəllimliklə məşğul olmaq mənim üçün çətindir. Əslində, belə bir ideyam, dərs demək fikrim var. Görək necə olacaq. İndi deyə bilmərəm. Hətta İncəsənət Universitetinin prorektoru Rafiq müəllimə də zəng etmişdim. Düzdür, mənə düzgün informasiya vermədi. Amma sonra oturub fikirləşdim ki, mən hər dəfə o dərslərə gedə biləcəyəmmi?

- Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmisiniz. Aktrisa kimi özünüzü sınamaq istərdinizmi?

- Bu fakültəni bitirsəm də, teatrda oynamaq mənim üçün maraqlı deyil. Müzikl mənim üçün maraqlıdır. Azərbaycanda da belə hesab edirəm ki, müzikl yoxdur. Bəlkə nə vaxtsa belə bir layihə olsa iştirak edərəm. Aktrisa kimi də özümü belə sınamaq istərdim. Filmlərə, seriallara təkliflər almışam. Ancaq onların səviyyəsi məni qane etmədiyi üçün getməmişəm. Yaxşı bir ciddi film olsa, məmnuniyyətlə aktrisa kimi iştirak edərdim. Bu mənim ürəyimdə olan arzumdur.

- Özünüzü hansı obrazda görmək istərdiniz?

- Məsələn, mən özümü fəlsəfi, ciddi bir filmdə görürəm. Belə bir janrda maraqlı süjeti olan, orijinal film olsa, mənim üçün maraqlı olar. Komediyada özümü görmürəm. Amma deyim ki, məndən komediya aktrisası da olar, yumor hissim var. Ancaq özümü sınamamışam. Düzdür, institutda oxuyanda oynamışam, bir neçə rolum olub. Mən yaxşı yumoru qiymətləndirirəm və yaxşı yumor hissi olan insanları sevirəm.

Milli.Az