İran-Azərbaycan münasibətlərində inkişaf dövrü - Bu, bütün regiona təsir edəcək

31 Mart 2018 07:00

Azərbaycan və İran regionun iki çox mühüm aktorudur. Bu dost və qonşu ölkələrin əməkdaşlığı bütövlükdə regiondakı ümumi siyasi tərəfdaşlıq münasibətlərinə yeni keyfiyyət əlavə edir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu Azərbaycan-İran münasibətlərinin mövcud durumunu dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin günü-gündən inkişaf etməsi hər iki dövlətin strateji maraqları baxımından son dərəcə vacibdir: "Çünki İran və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, regionun ortaq maraqlarını və mənafelərini müəyyənləşdirən aparıcı dövlətlərdir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Hazırda İran-Azərbaycan münasibətləri öz inkişaf dövrünü yaşayır. Azərbaycan prezidenti İlham Əliyev də Bakıda İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirdi".

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO

  Millət vəkili qeyd edib ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir və bu sahədə onların mühüm nəqliyyat-kommunikasiya coğrafiyası üzərində yerləşməsi mühüm rol oynayır: "Hazırda iki ölkənin birgə səyi ilə "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması istiqamətində çox mühüm layihə həyata keçirilir. Bu nəqliyyat dəhlizinin mühüm halqası olan Astara-Rəşt dəmir yolunun bir hissəsinin işə düşməsi ilə bağlı tarixi bir addım atıldı. Azərbaycan prezidenti bu münasibətləri qiymətləndirərkən qeyd etdi ki, İran və Azərbaycan arasında iki tarixi əhəmiyyətli müqavilə imzalandı. Bunlardan biri İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu, digəri Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında müqavilə tarixi əhəmiyyət daşıyan sənədlərdir. Düşünürəm ki, bu sözlərdə böyük həqiqət var.

Prezident İlham Əliyev: "İran-Azərbaycan əlaqələri dünya üçün böyük əhəmiyyətə malikdir"

Azərbaycan və İran Xəzər dənizində əməkdaşlıqla bağlı tarixi razılaşmalara imza atdılar. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu isə qısa müddətdə tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Azərbaycan okeana çıxışı olmayan ölkə olmasına baxmayaraq, bütün Avrasiya materikində nəqliyyat-kommunikasiya qovşağına çevrilməyi bacarıb. Bunlardan biri əgər "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi adlandırdığımız "İpək yolu"dursa, digəri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi adlandırdığımız və Norveçdən başlayaraq isti dənizlərə aparan böyük marşrutdur.

İki ölkə arasında münasibətlərin bu səviyyəsi eyni zamanda ondan xəbər verir ki, o, təkcə nəqliyyat dəhlizləri ilə kifayətlənməyəcək, həm də dəhlizin ətrafında mühüm iqtisadi, mədəni və sosial infrastruktur formalaşacaq. Bu da əlavə iş yerləri olmaqla bərabər iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiyasına gətirib çıxaracaq, eləcə də onlar arasında əlaqələrin intensivləşməsinə səbəb olacaq".

Həsən Ruhani: "Dağlıq Qarabağ münaqişəsi siyasi yolla tənzimlənməlidir"

  H.Babaoğlu Azərbaycan-İran-Türkiyə üçtərəfli və Azərbaycan-İran-Türkiyə-Gürcüstan dördtərəfli formatlarının ölkəmiz və region üçün əhəmiyyətinə də toxunub: "Azərbaycan hazırda müxtəlif formatlarda yeni diplomatik münasibətlər qurur. Bu formatlar, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ideya və təşəbbüsü ilə gerçəkləşir. Hazırda üçtərəfli və dördtərəfli formatların həyata keçirilməsinin şahidi olduq. Əminəm ki, bundan sonrakı mərhələdə qurulan yeni nəqliyyat dəhlizi həmin formatlarda təmsil olunan qonşu və strateji tərəfdaş ölkələrlə də münasibətlərin inkişafına da yeni stimul verəcək. Digər tərəfdən, İran prezidenti Həsən Ruhani Azərbaycana səfəri zamanı regional problemlərin həllinə də toxundu. O, bir daha qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, bu, mühüm mesajdır və qonşu dövlətin bu dəstəyi yüksək qiymətəndirilməlidir".

İlkin İzzət
Milli.Az