19:22
Martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki,əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, bütün İran xalqını bu yaxınlarda qeyd etdiyimiz Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm, qardaş İran xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.
Novruz bayramı bizim müştərək bayramımızdır. Həm İranda, həm Azərbaycanda bu bayram geniş qeyd edilir. Bu, bir daha onu göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Bizi tarix, ortaq mədəniyyət birləşdirir. Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.
Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan vermişdir.
Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.
Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlamışdır və sabah keçiriləcək biznes-forumda bu məsələ ilə bağlı təqdimat göstəriləcək. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.
Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir.
Biz energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Son illər ərzində imzalanmış sənədlər, xüsusilə "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək.
Ümumiyyətlə, demək istəyirəm ki, bizim əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü - bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər.
Biz nəqliyyat sahəsində böyük uğurlara imza atmışıq. Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq. Əminəm ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır. Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlərə başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcək.
Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir.
Bu yaxınlarda - iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Artıq bu proses başlamışdır, yəni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yəni, burada əlbəttə ki, bir çox amillər rol oynayır. İlk növbədə, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri, bizim çox güclü tarixi əlaqələrimiz, siyasi əlaqələrimiz və bu gün biz dünyada çox müsbət qonşuluq nümunəsi göstəririk. Bu amillər rol oynayır, eyni zamanda, sərbəst gediş-gəliş rejimi turistlərin axınını şərtləndirir.
Biz bu gün digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.
Mən bir daha hörmətli Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun.
X X X
Sonra İran Prezidenti bəyanatla çıxış etdi.
Prezident Həsən Ruhaninin bəyanatı
- Cənab Prezident İlham Əliyev.
Azərbaycan Respublikasının dövlət rəsmiləri.
Qonşu, dost və qardaş Azərbaycan xalqı.
Şadıq ki, iki gün ərzində - bu gün və sabah sizin qonağınızıq. Şadıq ki, sizə - mehriban Azərbaycan xalqına Novruz bayramı təbriklərimizi çatdırırıq. Bu bayram iki xalqı və bu bölgənin xalqlarını birləşdirən bayramdır. Eləcə də səmimi qəbula görə Azərbaycan dövlətinə və xalqına səmimi təşəkkürümü bildirirəm.
Bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir. İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır.
Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, Şimal-Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu, onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır. İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar.
Hər iki xalq və başqa xalqlar da bu əməkdaşlıqdan faydalansınlar. İki dövlətin qarşılıqlı sərmayə qoyuluşu barədə qərarları, həm Astara-Astara layihəsinə, həm də sabah açılışı olacaq avtomobil istehsalı müəssisəsinə sərmayə qoyuluşu göstərir ki, ölkələrimizin geniş əməkdaşlıq üçün güclü iradəsi var. Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik. Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilərik. Bu, onu göstərir ki, qarşılıqlı mənafe və ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilək. İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var. Regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur. Bu fikirdəyik ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır. Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir.
Diqqətinizə görə təşəkkür edirəm.
----------
19:17
Martın 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramını"nı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsumə İbtikar imzaladılar.
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı"nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifər imzaladılar.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı"nı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbüzər İbrahimi Türkman imzaladılar.
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı"nı Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və İran İslam Respublikasının səhiyyə nazirinin müavini İrəc Hərirçi imzaladılar.
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə imzaladılar.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari imzaladılar.
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzaladılar.
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzaladılar.
---------
17:52
Martın 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. İlk növbədə, Sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var. Bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur.
Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir. Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat - bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.
Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq.
X X X
İran Prezidenti Həsən Ruhani dedi:
- Cənab Prezident, mən və məni müşayiət edən nümayəndə heyəti çox şadıq ki, bu gün və sabah Sizin və dost, qardaş Azərbaycan xalqının qonağıyıq. Bu günlər bizim üçün şadlıq günləri və Novruz bayramıdır ki, bu da qardaş xalqların ortaq bayramıdır.
Zati-aliləri, Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyik. Əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir. Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir. Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.
Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıbdır. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır. İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq. Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır. Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq.
---------
17:29
Martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.
İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdirdilər.
XXX
Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident, Azərbaycan xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək. Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat - bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Bir daha xoş gəlmisiniz.
x x x
Prezident Həsən RUHANİ dedi:
-Çox şadam cənab Prezident. Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun. Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Ötən bir neçə ildə biz onuncu dəfədir ki, görüşürük, yəni, üzbəüz görüşürük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq. Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik. Zati-alinizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm.
x x x
Prezident İlham ƏLİYEV: Sağ olun.
Milli.Az