Azərbaycan millisi FİFA reytinqində xal aktivini artırıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna Bakıda Belarus (0:1) və Antalyada Makedoniya (1:1) ilə yoxlama oyunlarının nəticəsi səbəb olub.
İlk matçdakı məğlubiyyət əmsal xalı qazandırmasa da, Türkiyədəki bərabərlik 124 xalla dəyərləndirilib. Bu da ümumi reytinqimizdə əksini tapıb.
Belə ki, martın 15-də açıqlanan siyahıda 243 xalla dünyanın 127-ci komandası olan yığmamızın aktivi zənginləşib. Amma cəmi 2 xal.
Artıq apreldə açıqlanacaq cədvəldə yığmamızın 245 xalı olacaq. Cüzi xal dəyişikliyi ciddi mövqe dəyişikliyi vəd etmir. Bu, daha çox qonşu pillələrdəki ölkələrin hesabat dövründəki nəticələrdən asılıdı.
Ümumilikdə isə yığmamızın indiki mövqeyi və ətrafındakı pillələrdən birində qərarlaşacağını proqnozlaşdırmaq olar.
Milli.Az