Üçüncü dünya savaşının əsas silahı - NEFT

29 Noyabr 2014 19:35

Siyasi-diplomatik və hərbi cəbhədə Putinə uduzan Qərb, Rusiyanı "Axilles dabanı" olan neft qiymətləri ilə vurur 

Dünya bazarında neftin qiymətləri sürətlə düşür. Noyabrın 27-də OPEC ölkələrinin topplantısında hasilatın qorunub saxlanması qərarı dünya bazarında "qara qızıl"ın qiymətlərində enişlə nəticələnib. Qərardan bir neçə saat sonra neftin qiymətləri 70 dollardan aşağı düşüb.

İndi nəzərlər Rusiyaya çevrilib. Çünki OPEC-in bu qərarı Qərbin Putin Rusiyasına təzyiqinin növbəti mərhələsidir. Qərbin Rusiyaya son aylarda tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına böyük zərbə vurub. Rusiya hökumətinin açıqladığı rəqəmlərə görə, bu ilin əvvəlindən başlayaraq tətbiq olunan sanksiyalar və iqtisadi embarqo nəticəsində Rusiya iqtisadiyyatı 40 milyard dollardan artıq maliyyə itkisi yaşayıb. Neft qiymətlərinin enməsi isə Rusiyaya 100 milyard dollardan artıq zərər vurub. Bu yalnız son 6 ayda Rusiyanın itkiləridir, qarşıdakı dövrdə bu rəqəm bir neçə dəfə arta bilər.

Dünya bazarında neftin qiymətlərinin bu şəkildə enməsi Rusiya və eləcə də İran üçün ağır zərbədir. Çünki hər iki ölkənin gəlirlərinin böyük hissəsi məhz neft hesabına formalaşır. Yeri gəlmişkən, iki həftə əvvəl Tehranda səfərdə olan Venesuela xarici işlər naziri neftin qiymətinin 100 dollara qaldırılması ilə bağlı İran hökuməti ilə anlaşma əldə etmişdi. Hər iki ölkə adından OPEC liderlərinə müraciət də olunmuşdu. Ancaq göründüyü kimi, OPEC-də digər ölkələr, xüsusən də aparıcı neft ixracatçısı olan Səudiyyə Ərəbistanı neft ixracatını artırmaqla bağlı bəyanat verməklə Qərbin Rusiyaya qarşı sanksiyalarına böyük dəstək verib. Noyabrın 27-də qurumun toplantısında Səudiyyə Ərəbistanı neft naziri Əli əl-Nəimi bildirib ki, neft istehsalı həcmini qoruyub saxlamaq üçün ölkəsi gündəlik hasilatı bir qədər də artıra bilər. Bu isə açıq şəkildə Qərbin Rusiyaya qarşı neft təzyiqində tərəf tutmaq və Rusiyaya, eləcə də İrana bir mesaj kimi qəbul olundu. Çünki bu açıqlamadan dərhal sonra dünya birjalarında neftin qiymətlərində sürətli enmə qeydə alındı.

Beləliklə, Qərbin, konkret olaraq ABŞ-ın Rusiyaya qarşı "neft zərbəsi" baş tutdu. Bazarda neftin qiymətlərinin düşməsi Rusiya rublunu daha da gücdən salacaq və Rusiya iqtisadiyyatına ağır zərbə olacaq.

Ancaq aydın məsələdir ki, Rusiya-Qərb qarşıdurması bir iqtisadiyyat müharibəsi deyil, kökündə siyasi problemlərin dayandığı qarşıdurmadır. Əvvəlcə Yaxın Şərq olaylarında, Liviyada, daha sonra Suriyada baş verən proseslərdə Rusiyanın Qərbə qarşı cəbhədə yer alması, Suriya hakimiyyətini müdafiə edərək Bəşər Əsədin devrilməsinə mane olması Rusiya-Qərb münasibətlərini gərginləşdirdi. Bu ilin yazında isə qarşıdurma cəbhəsi şimala doğru dəyişərək Ukraynada toqquşmaya çevrildi. Krımın ilhaq olunması və daha sonra Ukraynanın şərqində baş qaldıran separatçılıq olayları, Malayziya təyyarəsinin vurulması ilə daha da gərilən Rusiya-Qərb qarşıdurmasında açıq toqquşmaya keçməsə də, Qərb ənənəvi qaydada Rusiyanı "zəif yerindən" vurmaq yolunu tutdu. Çünki həm Suriyada, həm də daha sonra Ukraynada və böyük mənada post-sovet məkanında baş verən siyasi-diplomatik və hərbi qarşıdurmada faktiki olaraq Rusiya qazanmışdı. Moskvanın "Axilles dabanı" neft qiymətləri idi. Qərb Putini məhz burdan "vurdu".

İqtisadiyyatı böyük ölçüdə neft və qaz satışından asılı olan Rusiya dünya bazarında neftin qiymətlərinin ucuzlaşmasından son 6 ayda 100 milyard itirib, ancaq bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Məsələ burasındadır ki, 2014-cü ilin əvvəlində 110 dollar civarında olan neft qiymətləri hazırda 70 dollardan aşağı enib. Mütəxəssislər isə gələn il neft qiymətinin 60 dollar və daha aşağı düşəcəyini proqnozlaşdırır. Doğrudur, Rusiya prezidenti gələn ilin ilk 3 aynda neft qiymətlərinin sabitləşəcəyini vəd edir. Ancaq indi bu barədə nəsə demək çətindir, bir şey aydındır ki, Qərbin "neftli hücumu" Rusiyaya çox baha başa gəlib.

İslam.az