Son illəri Azərbaycanda milli-mənəvi dəyərlərin inkişaf dövrü kimi qiymətləndirmək olar - Hacı Şahin Həsənli

27 Mart 2018 07:00

Son illəri müstəqil Azərbaycanın həyatında milli-mənəvi dəyərlərin və onlara diqqətin inkişafı dövrü kimi qiymətləndirmək olar. Bu illər ərzində Azərbaycanda İslam dini də daxil olmaqla bütün ənənəvi dinlərə, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına dövlətin diqqət və qayğısı artıb.

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış və nüfuzlu ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini sahə ilə bağlı atılan addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yükək dəyərləndirilir: "Təkcə ötən 2 ilə nəzərə yetirsək, onların biri Azərbaycanda "Multikulturalizm İli", digəri isə "İslam Həmrəyliyi İli" elan edildi. Ölkədə vəhdət namazları qılındı və yenə də qılınır, İslam Həmrəyliyi Oyunları keçirildi. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biri də məhz müsəlman dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlığı genişləndirməkdir ki, buna da tədricən uğurla nail olunduğunun şahidiyik.

Bundan başqa istər Azərbaycanda yerli və beynəlxalq səviyyədə, istərsə də xarici ölkələrdə dini tolerantlıq və multikulturalizmlə bağlı silsilə mötəbər tədbirlər keçirildi və bu tədbirlərdə müxtəlif dövlətlərdən, o cümlədən, müsəlman ölkələrindən yüzlərlə nümayəndə iştirak etdi. Mən də o tədbirlərin bir çoxunda Qafqaz Müsəlmanları İdarəsi və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə iştirak etmişəm. Azərbaycandakı dinlərarası münasibətlər modeli onların əksəriyyəti üçün çox maraqlı idi. Əsrlər boyu müxtəlif din və məzhəb təmsilçiləri Azərbaycanda dinc və mehriban şəraitdə yaşayıb və yaşayır, aralarında da hər hansı ciddi problem yoxdur. Ona görə də bu model onlar üçün maraqlı və cəlbedici görünür. Xüsusilə də, dünyada din və məzhəb zəminində münaqişələrin, hətta qanlı müharibələrin baş verdiyi indiki dönəmdə Azərbaycanda heç bir problemin olmaması istər-istəməz diqqəti cəlb edir. Son illər bu modelin dünyaya tanıdılması üçün mühüm addımlar atılıb ki, fikrimcə bu çox düzgün yoldur.

Dəfələrlə qeyd olunub ki, Azərbaycan islamofobiyaya, bəzi Qərb dövlətlərində multikulturalizm əleyhinə səslənən təhlükəli fikirlərə qarşıdır, barış və birgəyaşayış tərəfdarıdır. Belə bir zamanda Azərbaycanın dünya miqyasında İslam dini haqqında müsbət fikir formalaşdırması istiqamətində atdığı addımlar təqdirəlayiqdir".

Hacı Şahinin fikrincə, məhz görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, son illər xüsusən gənclərimizin dini və milli-mənəvi dəyərlərə marağının günbəgün artmasının şahidi oluruq: "Buna baxmayaraq, eyni zamanda, bəzi hallarda radikal cərəyanların nümayəndələri tərəfindən yaradılmış bu şəraitdən sui-istifadə etmək istəməsi cəhdləri də olur. Onlar mövcud dini əqidə, söz və fikir azadlığından istifadə edərək din pərdəsi altında öz baxışlarını, ideyalarını insanların beyninə yeritməyə, yanlış istiqamətə yönəltməyə çalışırlar. Amma bütün cəhdlərə baxmayaraq, onlar Azərbaycanda istəklərinə nail ola bilmədilər. Artıq onlara qoşulanların sayında da kəskin şəkildə azalma müşahidə edilir. Bu isə ölkədə dini maarifləndirmə istiqamətində görülən çoxsaylı işlərin nəticəsidir. Dini maarifləndirmə tədbirləri insanların, xüsusən, gənclərin həqiqi İslam dini ilə yaxından tanış olmasına, bilgilənməsinə zəmin yaradır.

Ümumilikdə götürəndə insanların dinimizə münasibətində müsbət tendensiya müşahidə edilir. Artıq dinə qayıdış hiss olunur. Düzdür, bu proses SSRİ-nin dağılması ərəfəsində başlanıb, lakin müstəqillik dönəmində, xüsusilə, son illər daha da güclənib ki, bunu da çox yüksək dəyərləndirmək lazımdır. Çünki yalnız mənəviyyatı saf və intellekti yüksək olan gənclik Azərbaycanın işıqlı gələcəyini qura bilər".

İlkin İzzət

Milli.Az