Milli.Az-ın məlumatına görə, xaricdetehsil.news saytına müsahibə verən növbəti tələbəmiz Rüstəm Babayev olub.
1986-cı ildə anadan olan R.Babayev bakalavr təhsilini Bakı Dövlət Universitetində "Politologiya", magistr təhsilini isə Qərb Universitetində "Dünya siyasəti və beynəlxalq əlaqələrin nəzəriyyəsi" ixtisası üzrə bitirib. Gəncimiz daha sonra bir sıra şirkətlərlə əməkdaşlıq edib. O, son olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsində çalışıb. Dövlət qulluğunda işləməklə yanaşı, o, Azərbaycan Turizm və Menecment Universitetində müəllim olaraq da fəaliyyət göstərib, tələbələrinə "Beynəlxalq əlaqələr" fənninin incəliklərini öyrədib. 2017-ci ildən isə Rüstəm Babayev Varşavada yerləşən Sosial Elmlər Universitetinin "İdarəçilik" fakültəsində magistr təhsili alır.
Xaricdə təhsil almağa olan həvəsindən danışan müsahib deyir ki, son illər Polşa Avropanın həm iqtisadi, həm də təhsil və elm mərkəzinə çevrilib. Odur ki, Rüstəm də özünü inkişaf etdirmək, təcrübəsini genişləndirmək və arzularını reallaşdırmaq məqsədilə təhsilini ölkəmizdən kənarda davam etdirmək qərarına gəlib.
Niyə USS-də təhsil alıram?
Sosial Elmlər Universiteti (USS) Polşanın ən böyük fərdi təhsil müəssisəsidir. Burada dünyanın hər yerindən gələn tələbələrə yüksək, keyfiyyətli təhsil verilir. Ali məktəb Varşava ilə yanaşı tarixi, turistik şəhər olan Krakov və son dövrdə inkişaf yoluna qədəm qoymuş Lodz şəhərlərində fəaliyyət göstərir. Həmçinin universitet Polşa ilə yanaşı Londonda yerləşən filialına da bakalavr və magistr proqramları üzrə tələbə qəbul edir. MBA və PhD tədqiqatları və Clark Universiteti ilə əməkdaşlıq edən unikal Amerika magistr proqramını da bura daxil etmək olar. Bir sözlə, təhsil aldığım universitet son illər bir çox reytinqlərdə Avropanın ən yaxşı universitetləri sırasındadır. Azərbaycanlı tələbələrə gəldikdə isə bu oxuduğun ixtisasın tədris dilinə məxsus olaraq dəyişir. Həmyerlilərimiz daha çox ingilis dilli fakültələri seçsə də son zamanların tendensiyalarından biri də Polşa universitetlərində yerli dildə oxuyan azərbaycanlı tələbələrin sayının artmasıdır. Universitetimizdə oxuyan həmyerlilərimiz daha çox idarəetmə, psixologiya, iqtisadiyyat, turizm və logistika ixtisaslarında təhsil alırlar.
Müşahidələrini bölüşən azərbaycanlı gənc belə deyir: "Polşa Avropa Birliyinin ərazisi olsa da daha çox milliliyini saxlayan və bir çox Avropa dəyərlərinin tam tətbiq olunmadığı bir dövlətdir. İki ölkəni müqayisə etsək birmənalı şəkildə demək olar ki, dini tolerantlıqda Azərbaycan hətta bir çox Avropa ölkələrinə nümunə olacaq bir məkandır. Ümidverici məqam isə polyak gənclərinin özündən əvvəl gələn nəslin səhvlərini təkrar etməməsidir. Gənc nəsil daha çox ingilis dilli və tolerantdır. Düşünürəm ki, Avropa təhsil sisteminin üstünlüyü ilk anlardan tələbənin fərdi və komanda yaradıcılığına təşviq edilməsidir. Bu təhsil sistemində daha çox təqdimatlara üstünlük verilir. Son illərdə Azərbaycanda tədris zamanı əyani təqdimatlara, internetin imkanlarından istifadəyə başlanılsa da dövlət universitetlərində bu hələ də yetərincə deyildir".
Məni ən çox heyrətləndirən...
Burada diqqətimi ən çox çəkən amil velosiped yollarının bütün şəhəri əhatə etməsidir. Tanıyanlar mənim həm də velosiped həvəskarı olduğumu bilirlər. Burada velosiped təkcə idman və sağlamlıq deyil, həm də nəqliyyat vasitəsidir. Bu müsbət tendensiyanın tezliklə ən azından Bakıda tətbiqin çox istərdim. Çünki biz yaşadığımız mühiti qorumaq istəyiriksə, bəzən şəxsi komfortumuzdan imtina etməyi bacarmalı, ətraf mühiti çirkləndirən, tükənən enerji vasitələri ilə hərəkətə gələn nəqliyyat vasitələrindən tədricən imtina etməliyik. Varşava bəlkə də, Avropanın ən rahat ictimai nəqliyyat sistemi olan ölkələrindəndir. İctimai nəqliyyatın hərəkəti qrafiklə tənzimlənir. Hətta bununla bağlı mobil applikasiya da mövcuddur. Düşünürəm ki, təcrübə mübadiləsi yolu ilə biz də bu praktikadan ölkəmizdə yararlana bilərik.
Sən demə, Varşavada...
Başıma gələn ən yadda qalan məsələ yayda geyimlə bağlı olub. Varşavanın çox heyrətləndirici yayı var. Bir anda leysan yağış yağa bilər və sənin haradasa daldalanmaqdan başqa çarən yoxdur. Şübhəsiz ki, sən bu yeri axtaran zaman kəsiyində başdan ayağa su içində olursan. Maraqlı hadisələrdən biri də yaşadığım ünvanın yaxınlığında yerləşən dayanacaqla bağlı olmuşdur. İlk günlər polyak dilini bilmədiyim üçün bizim dayanacağa çatanda elandan sonra avtobusun saxlamaması məni təlaşlandırırdı. Sonradan öyrəndim ki, Varşavanın nəqliyyat sisteminin özəlliklərindən biri sərnişinlərin daha az istifadə etdikləri dayanacaqlarda minmək üçün əl yelləmək, düşmək üçün isə stop düyməsini sıxmaq lazımdır.
İş imkanları çoxdur...
Polşada işləməyə üstünlük verən gənclər az deyil. Bura iş imkanlarının geniş olduğu bir ölkədir. Vergilərin az olması bir çox əcnəbi şirkətin burada özək yaratmasına səbəb olub. Burada bəzi azərbaycanlılar polyak dilin bilməsə də, ingilis dilin bilməklə bu şirkətlərdə çalışırlar. Biz azərbaycanlı gəncləri iş bazarında digər ölkə gənclərindən üstün edən səbəblərdən ən əsası 3 dildə (ingilis, rus və anadolu türkcəsi) eyni anda danışa bilməyimizdir. Məndə olan məlumatlara görə, Azərbaycanda da bir çox xarici şirkətlərdə işləyən polyak gənclər az deyil. Mənə gəlincə isə hazırda informasiya texnologiyaları ilə bağlı bir ABŞ şirkətinin Polşadakı nümayəndəliyində çalışıram. İşlə bağlı planım isə ölkəmə qayıdıb, təcrübəmin faydalı olacağı bir sahədə çalışmaqdır.
Qarabağ, ana yurdum!
Vətənimizi tanıtmaq üçün gördüyümüz ən faydalı işlər siyahısında ölkəmizin tanıdılmasıdır. Son zamanlar Azərbaycanda turizmin inkişafı bu işdə bizə xeyli yardımçı olur. Hesab edirəm ki, tarixi və ərazi məsələlərində ölkələrimizin taleyi bir-birinə çox oxşardır. Xüsusilə Qarabağ məsələsi. Qarabağ həqiqətlərinin polyaklara çatdırılması işində anlayışla qarşılandığımızı söyləyə bilərəm. Çünki, tarixən polyaklar da ərazisi dəfələrlə parçalanmış, müstəqilliyi əlindən alınmış, qırğınlara məruz qalmış bir xalqdır.
Gənclərimizə...
Gənclərə ən böyük məsləhətim odur ki, arzularınızın dalınca getməkdən qorxmayın, çəkinməyin. Başlanılmamış heç bir iş üçün gec deyildir. Xaricdə təhsil alan və ya alacaq gənclərə tövsiyyəm odur ki, gedəcəyiniz ölkələrdə ürəyinizin bir parçasında vətənimiz Azərbaycan olsun. Minnətdaram.
Milli.Az